"Əmək naziri ətrafında aparılan araşdırma ciddi etik pozuntuları üzə çıxarıb..."
ABŞ-ın əmək naziri Lori Çaves-Deremer heç bir rəsmi səbəb göstərilmədən 21 apreldə qəfil şəkildə vəzifəsindən istefa verib.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qadağan olunmuş münasibət və qalmaqalın başlanğıcı
Lori Çaves-Deremer Tramp administrasiyasında son iki ayda postunu tərk edən üçüncü qadın nazir olub. Amerika mediası isə istefanın arxasında dayanan iddiaları geniş şəkildə müzakirə edir.
Bildirilir ki, nazirin öz mühafizəçisi ilə romantik münasibət yaşadığı, iş vaxtı güclü spirtli içkilər qəbul etdiyi, striptiz klublara getdiyi və ümumilikdə vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə etdiyi iddia olunur. Həmçinin onun həyat yoldaşının nazirlik əməkdaşlarından birinə qarşı seksual xarakterli zorakılıqda ittiham edildiyi də xəbərlərdə yer alır.
Daxili araşdırma, qalmaqallar və etik pozuntular
CNN yazır ki, son aylarda nazirlikdə Çaves-Deremerin davranışları ilə bağlı şikayət əsasında daxili araşdırma aparılıb. Araşdırma çərçivəsində onun təkcə təhlükəsizlik xidmətinin əməkdaşı ilə münasibət deyil, həm də rəsmi səfərləri şəxsi səyahətlərə çevirməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi kimi hallarda şübhəli bilindiyi qeyd olunur.
İddialara görə, 58 yaşlı nazir iş səfərlərinin UFC döyüşlərinə, konsertlərə getmək və müxtəlif şəhərlərdə dostlarını və ailə üzvlərini ziyarət etmək üçün uyğunlaşdırılmasını tələb edib. Həmçinin onun əməkdaşlardan özünə alkoqollu içkilər alınmasını istədiyi də bildirilir. Nazirin mühafizəçisi Brayn Sloyun ilə münasibəti isə xüsusilə ciddi etik pozuntu kimi qiymətləndirilib, çünki təhlükəsizlik əməkdaşının nazirin tabeliyində olduğu qeyd olunur.
İstefa, Ağ Ev açıqlaması və yeni kadr dəyişiklikləri
İttihamlar fonunda Çaves-Deremerin həyat yoldaşına qarşı seksual zorakılıq iddiaları səbəbilə onun əmək nazirliyinin binasına girişinin qadağan edildiyi də xəbərlərdə yer alır. Eyni zamanda, nazirin ailə üzvlərinin bəzi gənc qadın əməkdaşlarla mesajlaşdığı və bəzi əməkdaşlardan "ailə üzvlərinə yaxşı qayğı göstərməyi" tələb etdiyi iddia olunur. Mart ayında araşdırma davam edərkən nazirin iki köməkçisi də vəzifəsini tərk edib.
İstefa barədə məlumatı
Ağ Evin kommunikasiya direktoru Stiven Çenq 21 apreldə açıqlayıb. O, Çaves-Deremerin "amerikalı işçilərin maraqlarını qoruma istiqamətində fenomenal iş gördüyünü" deyib və onun özəl sektora qayıtdığını bildirib. Keçmiş nazir isə "X" platformasında "tarixi administrasiyada çalışmaq böyük şərəf idi" sözlərini yazıb.
CNN-in məlumatına görə, Lori Çaves-Deremer Tramp administrasiyasında son iki ayda istefa verən üçüncü qadın nazirdir. Ondan əvvəl daxili təhlükəsizlik naziri Kristi Noem və ədliyyə naziri Pem Bondi də vəzifələrindən ayrılıb. "Politico" nəşri yazır ki, Tramp kabinetdə yeni dəyişiklikləri nəzərdən keçirir və "vəzifəsinin öhdəsindən gələ bilməyən və ya ciddi mənfi reaksiyalar doğuran" şəxslərin istefaya göndərilməsi planlaşdırılır.