Dünya
688
19:40, Bu gün

"Şahzadə Harri Kiyevdən Putinə çağırış etdi: bu savaşı dayandırın" - Ukrayna KİV-ləri

"Britaniya kral ailəsinin üzvü müharibənin dayandırılmasını və beynəlxalq öhdəliklərə əməl olunmasını tələb edir..."

Şahzadə Harri Kiyevdə keçirilən təhlükəsizlik forumunda çıxışı zamanı Vladimir Putinə müraciət edərək müharibəni dayandırmağa çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Müharibəyə son qoymaq çağırışı

Onun sözlərinə görə, uzunmüddətli döyüşlər və böyük insan itkiləri fonunda əldə olunan nəticələr məhduddur və bu yol "qələbəyə deyil, daha çox itkilərə" aparır.

Harri vurğulayıb ki, nə Ukrayna, nə də Rusiya bu müharibədən qalib çıxmayacaq və "hələ də bu müharibəni dayandırmaq, daha çox əzabların qarşısını almaq üçün vaxt var". O əlavə edib ki, Ukrayna tək deyil və Avropa ilə yanaşı dünyanın müxtəlif bölgələrindən güclü dəstək alır.

Beynəlxalq öhdəliklər və ABŞ-ın rolu

Şahzadə Harri çıxışında xüsusilə ABŞ-ın roluna diqqət çəkib. O xatırladıb ki, Ukrayna nüvə silahından imtina etdikdən sonra onun suverenliyi və sərhədləri ilə bağlı təminatların verilməsində ABŞ əsas tərəflərdən biri olub.

Onun fikrincə, indi "Amerikanın liderlik göstərmək və beynəlxalq öhdəliklərinə sadiq qaldığını sübut etmək vaxtıdır". Harri qeyd edib ki, bu, xeyriyyə deyil, qlobal təhlükəsizlik və strateji sabitlik baxımından vacib məsələdir.

"Bu müharibə təsadüfi deyil"

Şahzadə Harri çıxışında müharibənin səbəblərinə də toxunaraq bildirib ki, bu qarşıdurma təsadüfi deyil, illərlə formalaşmış siyasi xəttin nəticəsidir. Onun sözlərinə görə, bu proses Budapeşt memorandumunun pozulması ilə başlayıb.

Harri vurğulayıb ki, Ukraynanın nüvə arsenalından imtina etməsi müqabilində verilən zəmanətlərin pozulması təkcə region üçün deyil, bütün beynəlxalq sistem üçün təhlükəli presedent yaradıb. "Belə öhdəliklər pozulduqda, bu, yalnız bir ölkə ilə məhdudlaşmır, bütün qlobal etimadı sarsıdır", - deyə o qeyd edib.

Sonda Harri bildirib ki, tarix bu müharibə ilə bağlı deyilən sözləri deyil, atılan addımları qiymətləndirəcək: "Sual artıq Ukraynanın dayanıb-dayanmayacağı deyil. Sual budur - dünya onun yanında dayanacaqmı?"

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər