Dünya
542
20 Apr 2026 | 23:10

"Qədim piramidalardan da yaşlı sirr: alimlər Hindistan sahillərində naməlum sivilizasiyanın sualtı şəhərini aşkar edib" - "Daily Galaxy"

"Okeanın altında itmiş qədim şəhər iddiası müzakirə yaradır..."

Hindistanın qərb sahillərində 20 ildən çox əvvəl aşkar edilən sualtı formasiya elmi dairələrdə hələ də ciddi mübahisə mövzusudur. Əgər bu quruluşun süni olduğu təsdiqlənsə, insan sivilizasiyasının tarixlə bağlı anlayışları köklü şəkildə dəyişə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Galaxy” nəşrinin yazıb.

Sualtı kəşf və sirli struktur

Kəşf 2000-ci ilin dekabrında Hind okeanında 36 metr dərinlikdə təsadüfən qeydə alınıb. Okean dibinin sonar skanları təxminən 8 km uzunluğunda və 3 km enində nizamlı struktur göstərib. Quruluşun şəhər planını xatırladan düzxətli və kvadrat formalı hissələrdən ibarət olduğu bildirilir. Ərazidə həmçinin keramika qalıqları, daş fiqurlar, muncuqlar və insan sümüklərinə bənzər qalıqlar tapılıb.

9500 illik artefakt və "itmiş sivilizasiya" iddiası

Ən diqqətçəkən tapıntılardan biri taxta parçasıdır. Radiokarbon analizi onun təxminən 9500 il yaşı olduğunu göstərib. Bu tarix Hind vadisi sivilizasiyasıdan da xeyli qədimdir və regionun məlum ən erkən inkişaf etmiş mədəniyyətindən əvvəlki dövrə təsadüf edir. 

NİOT tədqiqat qrupunun üzvü geoloq Badri Narayananın fikrincə, bu, son buz dövrünün sonunda yaşamış inkişaf etmiş bir mədəniyyətin izi ola bilər. Onun ehtimalına görə, şəhər qlobal dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalıb.

Lakin bir qrup alim bu iddiaya skeptik yanaşır. Onların fikrincə, sualtı mühitdə təbii geoloji proseslər də şəhər kimi görünən formalar yarada bilər. Ənənəvi tarix yanaşmasına görə isə, eramızdan əvvəl 2500-cü ilə qədər bu bölgədə yalnız kiçik kənd tipli yaşayış məntəqələri mövcud olub.

Dövlət marağı və davam edən araşdırmalar

Hindistan rəsmiləri obyektin mənşəyinin hələ də tam müəyyən olunmadığını bildirir, lakin araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayır. Keçmiş nazir Murli Manohar Coşi araşdırmalar zamanı belə deyib:

"Biz o dövrdə nə baş verdiyini, bu sivilizasiyanın necə və harada yox olduğunu öyrənməliyik". Qeyd edilir ki, oxşar sualtı kəşflər dünyanın digər bölgələrində də aparılır. Məsələn, Cəbəllütariq boğazı ərazisində müxtəlif dövrlərə aid yüzlərlə batmış gəmi aşkar edilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər