Dünya
240
20 Apr 2026 | 23:40

"Bəzi insanlar rəngləri eşidir, sözlərin dadını hiss edir" - Alimlər sinesteziya fenomenini izah edir

"Beyindəki əlavə sinir əlaqələri reallığın qavranılmasını dəyişir..."

Alimlər sinesteziya adlanan nadir nevroloji fenomenin mahiyyətini daha dərindən araşdırıblar. Bu vəziyyətdə beynin fərqli hissləri qeyri-adi şəkildə bir-birinə bağlanır.

Moderator.az xəbər verir ki, bu barədə "Science Alert" nəşri yazıb.

Sinesteziya nədir?

Sinesteziya zamanı bir duyğu orqanının qıcıqlanması (məsələn, eşitmə) avtomatik olaraq başqa bir duyğu ilə (məsələn, görmə və ya dad) əlaqələnir. Nəticədə insan səsi rəng kimi görə, hərfləri isə dad kimi hiss edə bilər. Alimlərin fikrincə, dünya əhalisinin təxminən 1-4 faizi bu xüsusiyyətə malikdir. Bu insanlar "sinestetlər" adlanır və onlar üçün bu, xəstəlik deyil, fərqli qavrama formasıdır.

Sinesteziyanın formaları

Sinesteziyanın müxtəlif növləri var. Məsələn: dəslərin rəng kimi qavranılması, hərflərin və rəqəmlərin rənglərlə əlaqələnməsi, başqasına toxunulduğunu görərkən öz bədənində toxunuş hiss etmək. Bu hisslər nəzarət edilmir, avtomatik yaranır və adətən insanın həyatı boyu dəyişmir.

Beyin necə işləyir?

Alimlər iki əsas izah irəli sürür. Birinci nəzəriyyəyə görə, sinestetlərdə beynin müxtəlif bölgələri arasında daha çox əlaqə qalır. Adətən beyin inkişaf zamanı artıq əlaqələri "süzür", amma bu proses onlarda tam baş vermir. Nəticədə, məsələn, hərf tanıyan hissə birbaşa rəng qavrayışı ilə əlaqələnir. İkinci nəzəriyyə isə deyir ki, struktur eynidir, sadəcə bəzi əlaqələr daha aktiv işləyir. Yəni hamıda olan mexanizm sinestetlərdə daha güclü "işə düşür".

Yaddaş və yaradıcılıqla əlaqə

Araşdırmalar göstərir ki, sinesteziya daha çox yaradıcı insanlarda rast gəlinir. Təxminən 24 faiz sinestet incəsənət, musiqi və dizayn kimi sahələrdə çalışır. Bu göstərici ümumi əhali ilə müqayisədə xeyli yüksəkdir.
Bəzi hallarda bu insanlar daha güclü yaddaş və təsəvvür qabiliyyətinə malik ola bilirlər, amma bu, hər kəsdə eyni deyil.

Sinesteziya göstərir ki, insan beyninin reallığı qavrama forması sabit deyil. Eyni dünya müxtəlif beyinlərdə tam fərqli "rənglərdə: görünə bilər - bəzilərində hətta sözlərin dadı, səslərin rəngi olur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər