“Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində 7 kv. km ərazini azad edib, Rusiya ordusu isə Kupyansk yaxınlığında irəliləyir”.
Bu barədə məlumatı Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında paylaşıb.
Onun sözlərinə görə, Baxmut istiqamətində hücum davam edir.
"Biz ötən həftə ərzində Baxmut ətrafındakı cənub cinahında hər gün irəlilədik. Son bir həftə ərzində taktiki əməliyyat vəziyyətin yaxşılaşdırılması nəticəsində 7 kv. km ərazi azad edilib”, - müdafiə nazirinin müavini vurğulayıb.
Malyar qeyd edib ki, bu istiqamətdə hücum zamanı işğaldan azad edilən ərazi 31 kv. km-dir: "Düşmən ötən həftənin sonundan Xarkov vilayətinin Kupyanski istiqamətində fəal şəkildə irəliləyir. Qoşunlarımız müdafiəyə qalxır, güclü müqavimət göstərirlər. Vəziyyət ağırdır. İndi qızğın döyüşlər davam edir”.
O bildirib ki, Rusiya ordusu hazırda Ukrayna qüvvələrinin müdafiəsində zəif tərəflər axtarır: “Bölmələrimizi Oskol çayının sədd xəttindən kənara çıxarmaq üçün Masyutovka və Novoselovskoye yaşayış məntəqələri ərazilərində fəal şəkildə hücum əməliyyatları aparır. Düşmənin iki vəzifəsi var: itirilmiş mövqeləri qaytarmaq və bizi oradakı ehtiyatları başqa istiqamətlərə köçürməyə məcbur etmək”.