İngiltərənin Baş naziri Boris Conson karantin zamanı iqamətgahının bağçasında baş verən hadisənin "qaydalara zidd" olduğundan xəbərsiz olduğunu təsdiqlədi.
Moderator.az bildirir ki, bu barədə “The Independent” nəşri xəbər verir. Bununla belə, nəşrin sorğusuna əsasən, britaniyalıların əksəriyyəti dövlət başçısının sözlərinə inanmır. Mühafizəkarlar partiyasından olan 7 parlament üzvü artıq baş nazirə etimadsızlıq məktubu təqdim edib. Gözlənilir ki, yaxın vaxtlarda parlamentin daha 20 üzvü Consona etimad göstərilməməsi məsələsinə mühafizəkarlar tərəfindən baxılmasına başlamaq üçün çıxış edəcək.
Böyük Britaniyanın Baş naziri Boris Conson COVID-19-un yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər zamanı iqamətgahında keçirilən şənliklərə görə yenidən üzr istəyib və əlavə edib ki, o, bunun "qaydalara zidd olduğunu" bilməyib. Lakin Britaniyanın nüfuzlu “The Independent” nəşri yazır ki, parlament üzvləri və sıravi britaniyalılar arasında baş nazirə inananların sayı getdikcə azalır.
Nəşrin məlumatına görə, Mühafizəkarlar Partiyasının yeddi deputatı artıq parlament komitəsinin rəhbəri Qrem Brediyə baş nazirə etimadsızlıq məktubunu təqdim ediblər. Daha 20 nəfər bunu etməyə hazırlaşır. Mühafizəkarlar tərəfindən Consona qarşı etimadsızlıq məsələsinə baxılmasına başlamaq üçün 54 məktub lazımdır.
Adının açıqlanmasını istəməyən Britaniya parlamentinin üzvü "Syu Qreyin nə qərar verəcəyi vacib deyil, məncə, seçicilər artıq qərarlarını veriblər" deyib və qeyd edib ki, şəxsən özü lokdaun zamanı keçirilən tədbirlərin Uaytholldan olan baş dövlət məmuru Syu Qreyin rəhbərlik etdiyi qrup tərəfindən aparılan araşdırmaların nəticələrini gözləməyəcək.
“The Independent”in qeyd etdiyi kimi, Consonun istefasının tərəfdarları, ilk növbədə onun seçilməsi ilə 2019-cu ildə parlamentə daxil olanlar hadisələri əlaqələndirmək üçün çərşənbə günü bir araya gəliblər. Görüş keçmiş müşavir Dominik Kamminqsin Consona iqamətgahın bağçası ilə bağlı əvvəlcədən xəbərdarlıq etdiyini bildirdikdən və çərşənbə axşamı günü baş nazir ilk dəfə ictimaiyyət qarşısına çıxdıqdan sonra keçirilib. Kamminqs təsdiqləyib ki, Qreyin apardıgı istintaqa müvafiq sübutlar təqdim etmək niyyətindədir.
Bundan əlavə, Consonun keçmiş müşaviri müdafiəni “fəlakətli” adlandırıb və bildirib ki, baş nazir özünə nə qədər çox haqq qazandırırsa, “dəstəyini bir o qədər zəiflədir və qaçılmaz olanı sürətləndirir”.
Conson özü London xəstəxanalarından birinə baş çəkərkən 20 may 2020-ci ildə iqamətgahının bağçasında 25 dəqiqə işçiləri ilə birlikdə yemək yeyib spirtli içkilər içdiklərini və bunun işgüzar tədbir olduğunu söyləyib. “Baş verənlərə görə tam məsuliyyət daşıyıram. Amma sizi inandırıram ki, heç kim mənə bu tədbirin qaydalara zidd olduğunu deməyib. Etdiyim səhvlərə görə insanlardan təvazökarlıqla üzr istəyirəm, lakin bu hadisə ilə bağlı yadımda qalan şey budur və mən istintaqa bunu söylədim”, - deyə baş nazir bildirib. Parlamenti aldatdığı aşkar edilərsə, istefa verib-verməyəcəyi sualına Conson “gözləyəcəyəm və hesabatda nə deyiləcəyinə baxacağam” cavabını verib.
Mühafizəkarlar Partiyasının tərəfdarları arasında aparılan sorğuya əsasən, Conson istefa verəcəyi təqdirdə baş nazir postuna əsas namizəd olan maliyyə naziri Rişi Sunak ona inandığını söyləyib. Bununla belə, baş nazirin parlamentə yalan dediyi sübuta yetirilərsə, istefaya getməli olub-olmaması ilə bağlı suala Sunak müsbət cavab verib.
Bu arada “Independent”in sorğusu göstərib ki, seçicilərin 65%-i və Mühafizəkarlar Partiyası tərəfdarlarının 54%-i baş nazirin iş tədbirində iştirak etdiyinə əmin olması barədə dediyi sözlərə inanmır. Bundan əlavə, “Savanta ComRes”in apardığı sorğunun nəticələrinə görə, respondentlərin 80%-i, o cümlədən 2019-cu ildə mühafizəkarlara səs verənlərin 73%-i Consonun dövründə “hökumət üçün bir, qalan hər kəs üçün başqa bir qayda” olması ilə razılaşıb. Respondentlərin əksəriyyəti, daha dəqiq desək, 73%-i qapanma zamanı Dauninq-stritdə keçirilən ziyafətlərdən qəzəbləndiklərini etiraf edib.
Miraslan