Cəmiyyət
144
15:37, Bu gün

"Təmiz hava artıq yalnız ekoloji məsələ deyil" - Umayra Tağıyeva

"Nəfəs aldığımız havanın keyfiyyəti şəhərlərin dözümlülüyünün, ictimai səhiyyənin və dayanıqlı inkişafın müəyyənedici göstəricilərindən birinə çevrilib".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil edilən "Yeni Şəhər Gündəliyinə Həyat Vermək: Davamlı Şəhərlər üçün Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun İnteqrasiyası" tədbirində deyib.
 
O bildirib ki, bu gün şəhərlərdə havanın keyfiyyətinə təsir edən ekoloji çağırışları müzakirə edilir.
 
"Təmiz hava artıq yalnız ekoloji məsələ deyil. Bu, iqtisadi məhsuldarlıq, sosial bərabərlik, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ona uyğunlaşma, eləcə də insan rifahı məsələsidir. Bu baxışı reallığa çevirmək hava keyfiyyətinin idarə edilməsini şəhərsalma planlamasına, nəqliyyat sistemlərinə, energetika siyasətinə və yaşıl infrastrukturun inkişafına inteqrasiya etməyi tələb edir.​
 
Azərbaycanda ekoloji idarəetmənin gücləndirilməsi və atmosfer havasının keyfiyyətinin monitorinqinin təkmilləşdirilməsi prioritet hədəflər sırasındadır. Monitorinq nəticələri gündəlik olaraq qiymətləndirilir. Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi platforması vasitəsilə ictimaiyyətə təqdim olunur. Digər mühüm nailiyyət isə hava keyfiyyətinin monitorinqi metodologiyalarının beynəlxalq tələblərə və müasir standartlara uyğunlaşdırılmasıdır", - o vurğulayıb.
 
​U. Tağıyevanın sözlərinə görə, təkcə monitorinq kifayət etmir:
 
"Təmiz hava və dözümlü şəhər inteqrasiya olunmuş şəhərsalma həlləri tələb edir. Yaşıl infrastruktur, həmçinin şəhər meşələri, yaşıl dəhlizlər, parklar və təbiətə əsaslanan həllər şəhər istiliyinin azaldılmasında, çirkləndiricilərin udulmasında, biomüxtəlifliyin artırılmasında və həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Böyük infrastruktur layihələri təbiətə əlavə təzyiq yaradır. Təbiəti mühafizə tədbirlərinin inkişaf fəaliyyətləri ilə paralel şəkildə həyata keçirilməsi olduqca vacibdir. Vətəndaş cəmiyyətinin və özəl sektorun fəal cəlb olunmasına nail olmaq da böyük əhəmiyyət kəsb edir
 
Hava çirklənməsi sərhəd tanımır. İqlim riskləri şəhər sərhədlərində dayanmır. Buna görə də beynəlxalq əməkdaşlıq, texnologiya mübadiləsi və təcrübə paylaşımı mühüm əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumunun platforması milli təcrübəni qlobal həllərlə əlaqələndirmək və daha sağlam, yaşıl və dözümlü şəhərlərə doğru kollektiv fəaliyyəti sürətləndirmək üçün əvəzolunmaz imkan yaradır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər