Azərbaycanın bitməyən “kupça” problemi - bürokratik serial davam edir
Cəmiyyət
160
12:15, Bu gün

Azərbaycanın bitməyən “kupça” problemi - bürokratik serial davam edir

Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi, xalq arasında “kupça” adlandırılan çıxarış illərdir həm sosial, həm də hüquqi müzakirələrin mərkəzində dayanır. Bu proses təkcə bir sənədin verilməsi məsələsi deyil, faktiki olaraq mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasının əsas mexanizmidir.
 
Prezident İlham Əliyev tərəfindən müxtəlif dövrlərdə imzalanmış fərman və sərəncamlarla bu sahədə ciddi institusional islahatlar aparılsa da, vətəndaşın gündəlik təcrübəsi hələ də mürəkkəb prosedurlar, uzanan müddətlər və əlavə xərclərlə müşayiət olunur.
 
Azərbaycan Respublikasında daşınmaz əmlakın qeydiyyatı sistemi əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Bu qanun mülkiyyət hüququnun yalnız dövlət qeydiyyatından sonra tam hüquqi qüvvə qazandığını müəyyən edir. Prezidentin imzaladığı fərman və sərəncamlarla bu sistemin institusional dayaqları gücləndirilməsi məqsədi ilə vahid dövlət reyestr sisteminin formalaşdırılması, qeydiyyat prosedurlarının mərkəzləşdirilməsi, elektron xidmətlərin tətbiqi, kadastr məlumat bazasının yenilənməsidir. Lakin hüquqi baza nə qədər modernləşdirilsə də, icra mərhələsindəki gecikmələr və prosedur çoxluğu sistemin effektivliyini azaldır. Prezidentin fərman və sərəncamları ilə daşınmaz əmlak qeydiyyatı sahəsində ən mühüm istiqamətlərdən biri elektron xidmətlərin tətbiqi olub. Bu islahat sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, insan amilinin minimuma endirilməsi, korrupsiya risklərinin azaldılması, vətəndaş məmnunluğunun artırılmasını hədəfləyir. Elektron reyestr sistemi və onlayn müraciət imkanları kağız üzərində prosesi sadələşdirir. Lakin praktiki səviyyədə texniki sənədlərin hələ də fiziki mərhələdən keçməsi, kadastr məlumatlarının natamamlığı, regionlar üzrə fərqli tətbiq mexanizmləri, sistemin tam rəqəmsal çevrilməsini ləngidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ASAN Xidmət modeli daşınmaz əmlak qeydiyyatı sahəsində də tətbiq olunaraq “vahid pəncərə” prinsipini formalaşdırdı. Bu model vətəndaşın müxtəlif qurumlara ayrıca müraciət etməməsi, xidmətlərin bir mərkəzdə toplanması, şəffaflığın artırılması məqsədi daşıyır. ASAN modelinin tətbiqi qeydiyyat prosesində mühüm irəliləyiş hesab olunsa da, real praktikada yenə də bir neçə paralel mərhələ qalmaqdadır. Məsələn, kadastr ölçmələri, texniki inventarlaşdırma, reyestr yoxlamaları, əlavə razılaşdırma prosedurları “vahid pəncərə” prinsipinin tam funksional olmasına mane olur.
 
Prezident fərmanları ilə kadastr sisteminin modernləşdirilməsi və texniki inventarlaşdırmanın təkmilləşdirilməsi də prioritet istiqamət kimi müəyyən edilib. Bu islahat torpaq və əmlak məlumatlarının dəqiqləşdirilməsi, xəritə və planların yenilənməsi, dövlət məlumat bazasının vahidləşdirilməsinin təkmilləşdirilməsinə hesablanıb. Lakin praktikada sahə ölçmələrinin regiondan-regiona fərqli aparılması, məlumat bazalarında ziddiyyətlər, köhnə planların yeni sistemə tam inteqrasiya olunmaması kimi uyğunsuzluqlar nəticəsində vətəndaşın sənədi çox vaxt “texniki uyğunsuzluq” səbəbi ilə gecikir. Bələdiyyə torpaqlarının idarə olunması və özəlləşdirilməsi sahəsində də Prezident səviyyəsində normativ-hüquqi çərçivə formalaşdırılıb. Rəsmi mexanizmə görə “kupça” verilməsi üçün bələdiyyə qərarı, alqı-satqı və ya icarə müqaviləsi olmaldır. Bu sənədlərə əsasən kadastr qeydiyyatı, dövlət reyestrinə daxil edilmə və çıxarış (“kupça”) verilməlidir. Lakin praktikada bu zəncir çox vaxt paralel “qeyri-rəsmi mexanizmlər” ilə müşayiət olunur, proses uzanır, vasitəçilər meydana çıxır. Sənədlərin “sürətləndirilməsi” adı ilə əlavə xərclər, texniki sənədlərdə dəyişikliklər kimi əngəllər hüquqi proseduru iqtisadi və sosial təzyiq mühitinə çevirir. Tarif (Qiymət) Şurasının qərarları ilə daşınmaz əmlak qeydiyyatı üzrə xidmətlərin rəsmi qiymətləri müəyyən edilib. Rəsmi strukturda dövlət rüsumları, texniki pasport xidmətləri, kadastr və inventarlaşdırma haqları nəzərdə tutulur.
 
Lakin faktiki praktikada xidmətlərin mərhələlərə bölünməsi, hər mərhələ üçün ayrı ödənişlər, sürətləndirmə əmsalları, əlavə texniki xidmətlər ümumi xərci dəfələrlə artırır. Beləliklə, formal olaraq “əlçatan xidmət” kimi təqdim edilən sistem real həyatda ciddi maliyyə yükünə çevrilir. Prezident səviyyəsində aparılan islahatlar əsasən hüquqi və institusional çərçivəni modernləşdirib. Lakin əsas problem icra mexanizmində qalır. Sistemdə müşahidə olunan əsas ziddiyyətlər prosedurların çox mərhələli olması, idarələrarası məlumat uyğunsuzluğu, kadr və texniki resurs fərqləri, yerli icra səviyyəsində fərqli təcrübələr nəticəsində hüquqi islahatların təsiri vətəndaş səviyyəsində tam hiss olunmur. Azərbaycanda “kupça” sistemi formal baxımdan ciddi islahatlardan keçib. Prezident fərman və sərəncamları ilə elektronlaşdırma, mərkəzləşdirmə, xidmətlərin sadələşdirilməsi, vahid reyestr sistemi yaradılıb və inkişaf etdirilib. Lakin real mənzərə göstərir ki, hüquqi islahatlarla gündəlik praktik arasında hələ də çox böyük məsafə qalır. Bu gün vətəndaş üçün “kupça” böyük maliyyə yükü, bürokratik mərhələlər və qeyri-müəyyənlik zənciridir. Yəni hüquqi sistem modernləşir, amma vətəndaşın keçdiyi yol hələ də köhnə çətinlikləri aşmaqdan keçir. /Musavat.com/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər