Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcək
Siyasət
278
23 Apr 2026 | 22:40

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcək

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Acarıstan hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.

Moderator.az "News Georgia"ya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasında keçirilən brifinqdə elan edilib.

Z.Pataradze artıq 2016-2018-ci illərdə Acarıstan hökumətinə rəhbərlik edib. Son vaxtlara qədər o, Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

M.Kavelaşvili bildirib ki, bu qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə razılaşdıraraq qəbul edib. Namizədliyin təsdiqlənməsi üçün Acarıstan Ali Şurası üzvlərinin əksəriyyəti ona səs verməlidir. Hakim "Gürcü Arzusu" partiyasının qurumda çoxluğa malik olması səbəbindən bu prosedur formal xarakter daşıyır.

"Zurab Pataradze uzun illər diplomatik xidmətdə səmərəli fəaliyyət göstərib, Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə layiqincə qoruyub. O, əslən Acarıstandandır, regionun ehtiyaclarını və potensialını yaxşı bilir", - deyə M.Kavelaşvili bildirib.

Z.Pataradze peşəkar diplomatdır. 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Bundan əvvəl Qazaxıstanda (2013-2016) və Türkiyədə (2012-2013) səfir, həmçinin İstanbulda baş konsul vəzifələrini tutub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər