Bizi sosial şəbəkələrdən izləyin:
Vətən müharibəsi şəhidi kapitan İlkin Nəcəfovun atası Nəcəfov Misirxan bu gün dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə C.Əliyev adına Qardili kənd tam orta məktəbi məlumat yayıb.
Bildirilib ki, şəhid atası həmin məktəbdə mühafizəçi kimi fəaliyyət göstərirmiş.
Qeyd edək ki, İlkin Nəcəfov 1989-cu il, noyabrın 17-də Salyan rayonunun Şikarlı kəndində anadan olub. O, 2007-ci ildə orta məktəbi bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. İlkin 2011-2012-ci illərdə leytenant kimi zabitləri təkmilləşdirmə kursunu uğurla bitirib və Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət göstərib.
İlkin Nəcəfov Aprel döyüşlərində də iştirak edib. O, həmin döyüşlər zamanı Ağdamın Süsənli kəndi ətrafında gedən hərbi əməliyyatda iştirak edib. Elə həmin il 26 iyun - Silahlı Qüvvələrin yaranmasının ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanla təltif olunub.
İlkin Nəcəfov 2018-cil il 26 iyun “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı və Azərbaycan Respublikasına “Qüsursuz xidmətinə görə” 3-cü dərəcəli medalla təltif olunub. 2019-cu ildə ona kapitan rütbəsi verilib.
2020-ci il sentyabr ayının 27-i xidmət etdiyi hərbi hissədən cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən düyüşlərdə qəhrəmancasına iştirak edib. İlkinin ailəsi onun cəbhədə olmasından xəbərsiz olub. Anası ilə telefonla danışan zaman təlim keçdiyini bildirib. Döyüşlər zamanı düşmənin bir çox hərbi qulluqçusunu, o cümlədən, hərbi texnikasını məhv edib. Oktyabrın 14-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin bir oğul övladı var.
Prezident İlham Əliyevin müfaviq sərəncamları ilə İlkin Nəcəfov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunub.