"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.
Yeni qanunla ödənişli avtomagistrallarda maksimum sürət həddi təsdiqlənib. Belə ki, ödənişli avtomagistrallarda sürət həddi saatda 130 kilometrdən çox olmamalıdır.
Bundan başqa, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddənin birinci hissəsinin 6-cı bəndi və "Avtomobil yolları haqqında" Qanunun 1-ci maddəsinin birinci hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilib:
"avtomagistral - bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur".
Eyni zamanda 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinə aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilib:
"Qeyd:
1) nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər;
2) bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır".
Dövlət başçısı "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.