Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi “Kənd Qadınlarının aqrar fəaliyyətinə dəstək göstərilməsi məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasına başladı. Layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova QHT.az- a açıqlamasında bildirib ki, layihədən Ağdam, Beyləqan, Bərdə, Lənkəran, Zaqatala və Goranboy rayonunda fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qrupları və İstehsal-İstehlak Qadın Kooperativləri faydalanacaq: “Layihə çərçivəsində Ağdam və Beyləqan rayonlarındakı fermer qadınlara aqrar mövzularda təlimlər veriləcək. Göranboy və Ağdam rayonunda Məhsul Bayramı keçiriləcək və fermer qadınların Bərdə və Zaqatala rayonlarında fəaliyyət göstərən Qadın Kooperativlərinə təcrübə səfərləri təşkil olunacaq”.
Qeyd edək ki, birbaşa faydalananların sayı 92, dolayısı yolla fardalananlar isə 48 nəfər olmaqla cəmi 140 fermer qadının “Kənd Qadınlarının aqrar fəaliyyətinə dəstək göstərilməsi məqsədi ilə tədbirlərin təşkili” adlı layihəsinə cəlb olunması nəzərdə tutulub. Layihə 3 ay davam edəcək.
Pərvanə Fərhadqızı