“Bakı Ekspo Mərkəzi”ndə keçirilən “Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi 16 iyul tarixində başa çatıb.
Final mərhələsinin üçüncü günündə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, mədəniyyət naziri Adil Kərimli, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Şahin Seyidzadə, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
İştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Azərbaycan arzusu” keysi üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları iki iş günü ərzində açıqlanacaq.
Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 nəfər iştirakçı mübarizə aparıb. İştirakçıların səkkiz səriştəsi (strateji düşüncə, nəticələrəyönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndirilib.
17 fevral 2023-cü ildə qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 13 474 iştirakçı müraciət edib. “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə beş mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (//yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində sərəncam imzalanıb.