Göyçayda müəllimlər əhalini rayon mərkəzindən kəndlərə daşıyan nəqliyyatın vəziyyətindən şikayətçidirlər. Kəndlərə işləyən marşrut avtobusları istismar müddətini çoxdan keçib. Texniki cəhətdən nasaz olan bu avtobuslar insanlar üçün ciddi təhlükə yaradır. Bu barədə məlumatı Moderator.az saytına Göyçay rayon sakin İlqar Məhərrəmli bildirib.
O deyib ki, 13 ildir Çaxırlı kəndində müəllim işləyir. Hər gün işə gedib-gəlmək üçün onunla bərabər 25 müəllim ictimai nəqliyyatdan istifadə edir. İstismar müddətini çoxdan ötmüş avtobuslar çox zaman yayın istisində, qışın soyuğunda onları yolda qoyur. İşə çox zaman vaxtında gedib çata bilmirlər.
“ Avtobuslar 30 il bundan əvvəlin istehsalıdır. Ən yaxşı halda onlarla kənd təsərrüfatı məhsullarını daşımaq olar. Oturacaqları belə bərbad haldadır. Toz-dumandan içəridə oturmaq olmur. Yağış yağanda avtobusun içərisinə tökülür”-deyə İ. Məhərrəmli bildirib.
Şikayətçi deyib ki, başqa bir problem isə benzinlə işləyən avtobusların standartdan kənar qazla işlədilməsidir. Bu isə sərnişinlər üçün daima təhlükə yaradır. Aidiyyatı qurumlar isə buna göz yumur. 3 il əvvəl problemlərlə bağlı 35 nəfərin imzası ilə Azərbaycan Nəqliyyat naziri Ziya Məmmədova ərizə ilə müraciət edilib. Bir ay sonra cavab da alıblar. Cavabda iradların haqlı olduğu, məsələnin diqqətdə saxlanılacağı və həll olunacağı bildirilsə də , o gündən bu günə hələ də problem həll olunmur.
Elman Abbasov