Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində həbs olunan “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Elimxan Hüseynov, Əli Əliyev, Səfər Məmmədov və Valeh Abdullayevin apelyasiya şikayəti ilə bağlı məhkəmə prosesi keçirildi.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr, 2013-cü il tarixli hökmü ilə Nicat Əliyev 10 il, Elvin Nəzərov 9 il, Ceyhun Səfərli 9 il, Qorxmaz Camalov 7 il, Samir Hüseynov 7 il, Emin Tofiqi 7 il, Elimxan Hüseynov 7 il, Əli Əliyev 4 il, Səfər Məmmədov 3 il 4 ay, Valeh Abdullayev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Nicat Əliyevi vəkili Yalçın İmanov məhkəmənin 31 yanvar, 2014-cü ildə keçirilən ilkin məhkəmə baxışından Ali Məhkəməyə kassasiya şikayəti verdiklərini bildirdi.
Hakim məhkəmə iştirakçılarının nəzərinə çatdırdı ki, bu səbəbdən hazırkı mərhələdə hər hansı prosesual hərəkətlər aparıla bilməz. Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salındı.
Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkillərinin apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması, cinayət işinə xitam verilməsi və işin yenidən prokurorluğa qaytarılması ilə bağlı verdikləri vəsatətlərin heç biri təmin olunmamışdı.
Qeyd edək ki, prosesdən sonra təqsirləndirilən şəxslərin yaxınları ilə də söhbətləşdik. Nicat Əliyevin həyat yoldaşı Zeynəb Əliqızı virtualaz.org saytının müxbiri ilə söhbətində ərinin vicdan məhbusu olduğunu dedi: “Amma Nicatı vicdan məhbusu olaraq təsdiqləmirlər. Biz bunu tələb edirik. Avropa Şurasının məruzəçisi Kristofer Ştrasserin siyasi və vicdan məhbusları ilə bağlı siyahısında Nicatın da adı var idi. Amma Milli Məclis bunu qəbul etmədi”.
Zeynəb Əliqızı həyat yoldaşının səhhətində problemlər yarandığını bildirdi: “Nicatgilin saxlanıldığı yer nəmişlikdir. Havasızlıqdan, hərəkətsizlikdən ayaqları, böyrəkləri ağrıyır. Nicat özü həmişə deyir ki, “yaşasın İslam, biz yaşamasaq da olar””.
Samir Hüseynovun atası, I qrup Qarabağ əlili Xanpaşa Hüseynov oğlunun günahsız yerə həbs olunduğunu dedi: “Oğlum namaz qılan, dindar uşaq olub. Hərdən cümə namazlarına “Dadaş” məscidinə gedirdi. Mayın 21-də “Dadaş” məscidindən aparıblar. Dini disklər yaydığına görə. İttiham saxtadır başdan-ayağa. Mütəşəkkil dəstə yaratmaqla, silahla şərləyiblər oğlumu. İki övladı var. Qızının 1 yaşı yenicə tamam olub. Ailəmizi dolandıran Samir idi. Orda-burda fəhləlik edir, çörəkpulu qazanırdı. Çox çətin vəziyyətdəyik”.
Yeri gəlmişkən onu da deyək ki, əslən Fizulu rayonunun Qoçəhmədli kəndindən olan Xanpaşa Hüseynov Fizulidə hərbi batalyon komandiri olub. 20 nəfər azərbaycanlını erməni əsirliyindən xilas edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2012-ci ilin aprel-may aylarında Bakıda və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq dini ədəbiyyatları əldə edərək təhrif olunmuş formada ictimai yerlərdə yaymaqda, həmin il mayın 18-də Bakı şəhərində yerləşən “Dadaş” məscidində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etirazla bağlı plan hazırlamaqda, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar etməkdə ittiham olunurlar.