“Bizi aldadıb deyirdi ki, dərsdəyəm, şəhid olanda bildik ki...” - Şəhid kəşfiyyatçının qardaşı
Cəmiyyət
3651
17 Nov 2021 | 18:44

“Bizi aldadıb deyirdi ki, dərsdəyəm, şəhid olanda bildik ki...” - Şəhid kəşfiyyatçının qardaşı

“Ailədə üç qardaşıq və iki qardaşım hərbçi idi. Elnur isə evin ortancılı idi və Vətən müharibəsində də şəhid oldu. Biz Ali Hərbi Məktəbin yanında yaşayırıq və bəlkə də hardasa o akademiyanın yaxınlığında yaşamağımız da qardaşlarımın hərbçi olmasına stimul verdi”. 
 
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan kəşfiyyatçımız, kapitan Elvin Kazımovun qardaşı Elnur Kazımov deyib. O, şəhid qardaşının döyüş yolunu belə nəql edib:
 
“2011-ci ildə Elvin təyinatla cəbhə bölgəsinə göndərildi və 2020-ci ilə qədər orda işləyib. 2014-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ağcabədinin Ağcakənd kəndi istiqamətində düşmən təxribatının qarşısını alarkən yaralandı. 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etdi və orda da yaralandı. Daha sonra isə onu Ali Hərbi Məktəbə tağım komandiri göndərdilər. 2020-ci ilin fevral ayında Ali Məkbətə göndərilmişdi və döyüşlərə də könüllü qatıldı. Çünki o, yaralandığı üçün döyüşə aparmırdılar”.
 
“Bunu anamdan və bizdən gizlədirdi...”
 
 
“Elvin 2015-ci ildə ailə qurdu və Rəvan adlı bir oğlu var. Vətən müharibəsi zamanı böyük qardaşım Suqovuşan, Elvin isə Talış kəndi istiqamətində döyüşürdü. Amma bir-birlərindən xəbərsiz olublar. Biz Elvinlə əlaqə saxlayanda deyirdi ki, Akademiyada dərsdəyəm, heç yerə getməmişəm. Bunu anamdan və bizdən gizlədirdi. Oktyabrın 6-da bizə Elvinin şəhid xəbərini deyəndə məəttəl qaldıq, çünki biz böyük qardaşımın döyüşdə olduğunu bilirdik. Onda bildik ki, Elvin müharibədə olub”.  
 
Şəhidimizin qardaşı Elvinin adının əbədiləşdirilməsinin arzusunda olduqlarını bildirib:
 
 
“Bu gün istəyimiz odur ki, oxuduğu məktəbə Elvinin adını versinlər. Adına küçə adı da verilməyib. İstəyimiz ancaq bundan ibarətdir. Biz şəhid generalımız Polad Həşimov adına küçədə yaşayırıq. Burda park salındı, şəhidlərimizin fotoları vuruldu. Ailəsi isə mənzillə təmin edilib”.  
 
Qeyd edək ki, Elvin Ədalət oğlu Kazımov 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub. 1993-2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin " Zabit İxtisas Kursu"nu bitirib. 
 
 
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə " leytenant" hərbi rütbəsi verilib və "N” saylı hərbi hissədə xidmətə başlayıb. Mexanikləşdirilmiş taborun qərərgah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat tağımının komandiri, motatıcı tağım komandiri, dağ - atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ( AHM) kursant tağım komandiri - müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. Vətən müharibəsi zamanı isə Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. 
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər