Maraqlı
198
24 May 2026 | 23:30

"Məşhur blogerin əslində mövcud olmadığı ortaya çıxdı" -  Süni intellekt modeli necə yüz minlərlə izləyici qazandı

"Süni intellektlə yaradılan virtual influenserlər artıq milyonlarla dollar qazansa da, bu fenomen həm etimad, həm də iş yerləri ilə bağlı yeni suallar doğurur..."

Dünyada "maşınların üsyanı" qorxusu hələ də süni intellektlə bağlı əsas narahatlıqlardan biridir. Xüsusilə süni intellekt sistemlərinin məlumat oğurluğu və insanlıq üçün risk yaratdığı iddiaları geniş yayılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Unilad" nəşri yazıb.

"Mükəmməl bloqer" əslində süni intellektdir

Nəşr yazır ki, bu fonda İspaniyada yaradılan virtual influenser Aitana Lopez (AI-Aitana) böyük diqqət cəlb edib. O, əslində mövcud olmayan, tamamilə süni intellektlə yaradılmış rəqəmsal modeldir.

Barselonada yerləşən "The Clueless" kreativ agentliyi tərəfindən hazırlanan bu avatar fitnes, moda və oyunlara marağı olan 26 yaşlı ispan qız obrazında təqdim olunur. Onun xarakterik xüsusiyyəti çəhrayı saçlarıdır.

Aitana artıq "Instagram"-da 343 mindən çox izləyici toplayıb və hər paylaşımı minlərlə reaksiya alır. Hesabın aylıq gəliri reklam müqavilələri və platforma abunəlikləri hesabına 50 min dollardan çoxdur.

"Süni intellekt nəzarətdən çıxmayıb"

Layihənin yaradıcıları bildirirlər ki, süni intellekt heç vaxt nəzarətdən çıxmayıb. Onların sözlərinə görə, sistem tam idarə olunur və bütün davranışlar əvvəlcədən müəyyən edilmiş çərçivədə formalaşdırılır. "The Clueless" agentliyi açıqlayıb ki, məqsəd insanları aldatmaq deyil: "Biz insanları çaşdırmırıq. Sadəcə digər yaradıcılar kimi kontent istehsal edirik, fərq ondadır ki, kamera əvəzinə süni intellektdən istifadə edirik".

Onlar həmçinin qeyd edirlər ki, "AI-Aitana" iş yerlərini əlindən almır, əksinə, rəqəmsal avatarların yeni bir yaradıcı sənaye forması olduğunu düşünürlər. Bununla yanaşı, yaradıcılar etiraf edirlər ki, nəzəri olaraq süni intellektin gözlənilməz davranış sərgiləməsi mümkündür, amma bu halda sistem yenidən tənzimlənə bilər.

Yeni rəqəmsal reallıq və risklər

Mütəxəssislər hesab edirlər ki, süni intellekt influenserlər gələcəkdə ənənəvi kontent yaradıcılarını qismən əvəz edə bilər. Onların fikrincə, insanlar öz rəqəmsal avatarlarını yaradaraq daha çox vaxt qazana biləcəklər, kontenti isə süni intellekt avtomatik istehsal edəcək.

Lakin bu meyl narahatlıq da doğurur. Əsas risklərdən biri - auditoriyanın aldadılması və süni şəxsiyyətlərin real insanlar kimi təqdim olunmasıdır. Bundan əlavə, bu texnologiyanın fırıldaqçılıq və manipulyasiya üçün istifadə olunması ehtimalı da müzakirə edilir.

Süni intellektə həddindən artıq güvən nə ilə nəticələnir?

Məqalədə xatırladılır ki, alimlərin son araşdırmalarından biri süni intellektdən həddindən artıq asılılığın insan bacarıqlarını zəiflədə biləcəyini göstərib. Tədqiqat zamanı süni intellektdən istifadə edən iştirakçılar yardım sistemi söndürüldükdən sonra nəticələrində təxminən 20 faiz geriləmə göstəriblər. Ən böyük zəifləmə isə hazır cavabları birbaşa süni intellektdən alanlarda müşahidə olunub.

Araşdırma göstərir ki, hətta qısa müddətli - cəmi 10 dəqiqəlik intensiv süni intellekt istifadəsi belə insanın müstəqil düşünmə bacarığına təsir edə bilər. Nəticə olaraq, mütəxəssislər bildirirlər ki, süni intellelt güclü alətdir, amma onun insan düşüncəsini tam əvəz etməsi hələlik ciddi risk olaraq qalır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər