İstənilən çətinliyə sinə gərməyə kömək edən Quran ayələri…
Cəmiyyət
7131
29 Jul 2021 | 07:48

İstənilən çətinliyə sinə gərməyə kömək edən Quran ayələri…

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)”(“Əş-Şərh”, 5)
 
Hər bir insan hər gün bir çox duyğular yaşayır və təəssüf ki, onların hamısı həmişə müsbət olmur. Heç kim çətinliklərdən, həyatın sınaq və imtahanlarından sığortalanmayıb. Və bəzən elə hallar olur ki, insanın əli hər şeydən üzülür, ümid qeybə çəkilir və öz gücünə inam tamamilə yoxa çıxır.  Ancaq qətiyyən ümidsiz olmayın!..  
 
Moderator.az  “İslam-Today” nəşrinə istinadla  oxunması emosional stress və narahatlıqlar dolu müxtəlif situasiyaların öhdəsindən gəlməyə kömək edəcək  Qurani-Kərim ayələrini təqdim edir.
 
Qəmə-kədərə batanda:
 
“(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar(“Əl-Bəqərə” surəsi, 25-ci ayə).
 
Günah əməl törədəndə:
 
“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!(“Əz-Zumər”, 53)”.
 
Özünü köməksiz hiss edəndə:
 
“Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (“Əl-Bəqərə”, 257)”
 
Allaha imanın möhkəmliyi azalanda:
 
“Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əl-Əhzab, 35).
 
Başqaları tərəfindən sıxıntıyla üzləşəndə:
 
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (“Əl-Hücurat”, 13).
 
Özünü tənha hiss edəndə:
 
“And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)”(“Qaf”, 16)
 
Sənə qiymət verilməyəndə
 
“Onlara belə deyiləcəkdir: ) “Bu, sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!”(“İnsan”, 22)
 
 
Çətinliklərdən  cana yığılanda:
 
“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)”(“Əş-Şərh”, 5)
 
Səninlə pis rəftar ediləndə:
 
“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) “salam” deyərlər” (“Əl-Furqan”, 63).
 
Allahın səni bağışlamasını diləyəndə:
 
“O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar” “Ali-İmran”, 135).
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər