Müşfiq Cəfərov: “Azərbaycanın hansısa ölkənin diktəsi altında olmasından söhbət belə gedə bilməz”
Rusiya parlamentinin deputatı, hər zaman sərsəm bəyanatları ilə gündəmə gələn Vladimir Jirnovskinin ölkəmizlə bağlı son müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində növbəti dəfə gülüşlə qarşılanıb.
Moderator.az-a açıqlamasında baş verənlərə münasibət bildirən millət vəkili Müşfiq Cəfərov, Azərbaycanın müstəqil dövlət olduğunu qeyd edib və bildirib ki, hər kəs, o cümlədən Jirnovski bu reallığı qəbul etməyə məcburdur:
“Jirinovskinin son müsahibəsilə bağlı deyə bilərəm ki, o illərdir böyük bir miflə yaşayır. Artıq SSR deyə bir dövlət yoxdur, lakin görünən odur ki, Jirinovski bununla barışa bilmir. Rusiya bizim sadəcə qonşumuz və tərəfdaşımızdır. Heç bir aslılıqdan söhbət gedə bilməz. Qeyd edim ki, bütün hakimiyyətlərin müxalifət qüvvələri vardır. Dünya siyasətində hər zaman hakimiyyətin qarşısında duran, fəaliyyətini tənqid edən qüvvələr mövcud olub. Bu olmasa, o zaman diktaturadan söhbət gedə bilərdi. Bəli, Azərbaycanda kifayət qədər rahat şəkildə sözünü deyən müəyyən kəsimlər var.
Artıq Jirinovski və bu yöndə düşünən insanlar başa düşməlidirlər ki, Azərbaycan müstəqil ölkədir, öz müstəqil siyasətini həyata keçirir. Bu gün Azərbaycanın heç bir ölkənin diktəsi altında olmasından söhbət gedə bilməz. Ölkəmizin dünyada söz sahibi olan dövlətlərlə dostluq, əməkdaşlıq əlaqələri olub, olacaq da. Rusiya Qarabağ məsələsində sülhməramlı kimi çıxış etmək istədi, Azərbaycan da bunu müsbət qarşıladı. Çünki bu təcrübə əvvəllər də olub, Rusiya əsgərləri vəzifəsini müəyyən müddətə yerinə yetirib və öz ölkəsinə geri dönüb. Jirinovskinin dediyi kimi oğullarını göndərdikləri ölkələrdə istədiklərinə nail olmaq məqsəd deyil, Azərbaycan torpaqlarında rus əsgərləri sadəcə sülhməramlı olaraq yerləşdiriliblər və müqavildəki zaman bitdiyində də bütün rus əsgərləri evlərinə geri dönəcəklər. Ona görə ki, müqavilənin şərti budur, yəni Rusiya öz imzasına hörmət edir.
Jirinovskinin qeyd etdiyi 200 il məsələsinə gəlincə, bütün arxivlərdəki sənədləri açıb baxsaq, həmin sənədlərdə qeyd olunub bu torpaqlar Azərbaycan SSR- nin əraziləridir. Mən bu çıxışı sadəcə pafos olaraq adlandırardım. Ümumiyyətlə, Jirinovski hər zaman ermənipərəst mövqeyini nümayiş etdirib. Onun auditoriyası da bəllidir. Artıq onun açıqlamaları elə də əhəmiyyətli deyil, onun şəxsi fikirlərinin heç bir rəsmi dəyəri yoxdur.
Azərbaycan dünya birliklərinin qəbul etdiyi qətnamələrə sadiq qalaraq öz ərazi bütövlüyün bərpa etdi və Jirinovskinin qeyd etdiyi müxalif qüvvələr də ölkə başçısının yanında olub, onu dəstəklədi. Bu gün ölkəmizin dövlətimizin, müstəqilliyinə yarana biləcək hər hansı təhlükədə yenə həmin müxalif insanlar da dövlətimizlə birləşib, mübarizə aparar. Bunun ən möhtəşəm nümunəsi 44 günlük Vətən müharibəsi idi”.
Seymur ƏLİYEV