Bugünlərdə redaksiyamıza müraciət edən vətəndaş Təranə Məmmədova övladı Məmmədov Məmməd Əli oğlunun 12 il bundan öncə iki və daha çox şəxsi öldürmək maddəsi ilə ittiham edilərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini bildirib. (//moderator.az/index.php?xeber=90754 )
T.Məmmədovanı narazı
salan ən başlıca məqam isə ondan ibarətdir ki, övladı iki və daha çox şəxsi
öldürməkdə ittiham olunsa da, əslində ortada ikinci bir qurban olmayıb. Yəni həm
istintaq, həm də məhkəmə prosesində övladının öldürməkdə ittiham edildiyi
ikinci şəxsin kimliyi, ümumiyyətlə mövcudluğu öz əksini tapmayıb.
Maraqlıdır, bir şəxsin
ölümü ilə nəticələnən olaya görə həmin şəxsi iki və daha artıq şəxsi öldürmək
maddəsi ilə ittiham etmək nə dərəcədə məntiqlidir? Bu, Azərbaycan məhkəmələrindəki
anormallığın daha bir göstəricisi hesab edilə bilərmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov bəzən bir şəxsi
öldürməyə görə də ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiq edildiyinə
diqqət çəkdi:
“Doğrusu, bir şəxsi öldürən
adama barəsində iki və daha şəxsi öldürülməsi ilə bağlı ittihamın irəli
sürüldüyü inandırıcı deyil. Həmin şəxsə konkret hansı maddə ilə ittiham
edildiyi mənə bəlli olmadığı üçün qəti nə isə demək çətindir. Lakin onu da qeyd
edim ki, bir şəxsi öldürməyə görə də ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin
olunması halları olub. Məhkəmə təcrübəsində bu cür hallar var. Bəzən kimsə bir
şəxsi öldürür və ona ömürlük azadlıqdan məhrum etmə cəzası verirlər. Ola bilsin
ki, o, bir şəxsi öldürüb, amma cəhd iki şəxsin öldürülməsinə yönəlib.
120.2.7-ci maddə ilə ittiham edilib. Hər bir halda əgər həmin şəxsin əməli
Cinayət Məcəlləsinin 120.2-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı
hallardan biri ilə tövsif olunubsa, ona məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrum
etmə cəzası təyin edilə bilərdi”.
Seymur Əliyev