"Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri, media məsələləri üzrə ekspert Arif Əliyev Moderator.az-a açıqlamasında ordu ilə bağlı əldə edilən informasiyaların Müdafiə Nazirliyi ilə razıladırılması, jurnalistlərin qarşısında informasiya savaşı kimi tələblərin qoyulmasına münasibət bildirib. Bu kimi tələblərin əsassız olduğunu vurğulayan ekspertin qənaətincə, bu, yalnız hərbi vəziyyət elan olunduğu dönəmlər üçün keçərli ola bilər:
"Ordu ilə bağlı məlumatların dərcini Müdafiə Nazirliyi
ilə razılaşdırmaqla bağlı yarıgöstəriş olsa da, biz şahidik ki, buna heç də
bütün media əməl etmir. Yalnız ayrı-ayrı media orqanları ola bilər ki, onlar bu
materialları Müdafiə Nazirliyi ilə razılaşdırsınlar. Bu şərt hüquqi və məntiqi
baxımdan yalnız hərbi vəziyyət elan olduğu təqdirdə zərurət kimi önəm kəsb edə
bilər. Əgər ölkədə hərbi vəziyyət elan olunubsa, o zaman dövlət orqanlarının hərbi
senzura tətbiq etmək, ordu ilə bağlı materialalrı tənzimləmək hüququ var. İndiki
halda belə bir göstəriş olsa da, söhbət sadəcə özəl senzuradan gedə bilər. Yəni
kimlərsə ehtiyatlanıb bu materialları Müdafiə Nazirliyi ilə razılaşdırırlar. Lakin
bu göstərişi reallaşdırmaq üçün heç bir hüquqi əsas yoxdur".
Ekspert
jurnalistlərin informasiya müharibəsinə cəlb edilməsinin də doğru olmadığını
qeyd etdi. A.Əliyevin qənaətincə, informasiya müharibəsi tamamilə başqa bir
sektordur və bununla jurnalistlər deyil, xüsusi mütəxəssislər məşğul olur:
"İnformasiya
müharibəsinə gəldikdə isə, media ilə əlaqəli olan insanlara izah eləmək
lazımdır ki, informasiya müharibəsini jurnalistlər aparmır. İnformasiya müharibəsini
aparmaq üçün xüsusi mütəxəssislər mövcuddur. Jurnalistlərin informasiya müharibəsinə
cəlb edilməsi onların sırf ideoloji funksiyaları yerinə yetirməsi deməkdir. İnformasiya
müharibəsində iştirak edən jurnalistlər hər zaman peşə qaydalarına görə, peşə
prinsiplərinə görə yanlış yolda olan jurnalistlər hesab olunublar. Jurnalistlərdən
informasiya müharibəsi aparmaq üçün istifadə etmək və bu məsələdə onların
qabağına hər hansı şərt qoymaq düzgün deyil. İnformasiya müharibəsi ayrıca bir
sahədir. O, jurnalistika deyil. Bu sahə ilə məşğul olan, geniş diapazona malik
mütəxəssislər mövcuddur".
Seymur Əliyev