Son vaxtlar polis əməkdaşlarına xəsarət yetirilməsi halları artmaqdadır. Təkcə son bir həftə ərzində bir neçə bu cür hal baş verib ki, əslində bunu Azərbaycan üçün bugünə qədər xarakterik olmayan yeni problem kimi dəyərləndirmək olar.
Maraqlıdır, polis əməkdaşlarına
xəsarət yetirmə hallarının artması nə ilə bağlıdır? Baş verənlər adi bir təsadüf
kimi dəyərləndirlə bilərmi? Yoxsa baş verənlərin arxasında hansısa məntiq və
qanunauyğunluq dayanır? Polisə silahlı müqavimət cəmiyyətdə artan aqressiya və
gərginliyin göstəricisi hesab oluna bilərmi?
Bununla bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən sabiq polis rəisi, tanınmış
hüquqşünas Mahmud Hacıyev baş verənləri təsadüf kimi dəyərləndirdi:
“Hesab edirəm ki, baş verənləri
sensasiya kimi qiymətləndirmək doğru deyil. Məsələyə cəmiyyət və cinayət
konteksindən yanaşmaq lazımdır. Cəmiyyət olan yerdə cinayət də olacaq. Cinayət
cinayətdir. Burada kimə - polisəmi, həkiməmi, müəlliməmi xəsarət yetirilməsinin
əhəmiyyəti yoxdur. Bütün hallarda insan insandır. Buna görə də baş verənlərdə
qeyri-adi nə isə görmürəm. Cinayət tərkibi yaradan amillərdən biri cinayətin
motividir. Bu hadisələrdə motiv nə olub-
bunu biz bilmirik. Bunu işin istintaqını aparan müstəntiq bilir. Motivi
biləndən sonra subyektiv fikir yürütmək olar”.
M.Hacıyevin qənaətincə Azərbaycan
polisə olan münasibəti də nəzərə almaq lazımdır: “Məsələyə Azərbaycan
reallığından yanaşsaq etiraf etməliyik ki, cəmiyyətdə hüquq-mühafizə
orqanlarına, xüsusilə də polisə qarşı müəyyən qədər antipatiya mövcuddur. Lakin
birbaşa bu cinayətlərin törədilməsində həmin antipatiya nə dərəcədə rol
oynayıb, bunu söyləyə bilmərik”.
Sabiq polis rəisinin sözlərinə
görə, son vaxtlar bıçaqla xəsarət yetirmə hallarının sayı kəskin artıb ki, bu
da məlum problemin səbəblərinin araşdırılmasını zəruri edir: “Son vaxtlar
bıçaqla xəsarət yetirmə halları ümumiyyətlə artıb. Dəhşətli məqam budur. Son 5
ildə bıçaqla törədilən cinayət tərkibli əməllərin sayında kəskin artım var. Zənnimcə,
bu məsələyə diqqət yetirmək daha vacibdir. Bunun səbəblərini araşdırmaq
lazımdır. Çünki bıçaqla törədilən qətl hadisələrinin də sayında artım var.
Bıçaqla törədiulən xuliqanlıq hərəkətlərində də artım müşahidə edilir. Əsas
diqqəti buna yönəltmək lazımdır”.
M.Hacıyevin qənaətincə,
polisin xəsarət aldığı olayların daxili təhqiqat orqanı tərəfindən obyektiv surətdə
araşdırılmasına ehtiyac var və sovet dönəmində bu qurumun fəaliyyəti kifayət qədər
obyektiv idi:
“Sovetlər dönəmində o
vaxt “milis” deyilən polislə bağlı hər hansı cinayət tərkibli əməl baş verəndə,
polis həmin olayda zərərəkən və ya təqsirkar olmasından asılı olmayaraq, bu məsələni
DİN-nin xüsusi müfəttişliyi araşdırırdı. Indi onu böyüdüblər və bu qurum Daxili
Təhqiqatlar İdarəsi adlanır. İşiprokurorluq aparırdı. Xüsusi Müfəttişlik bölməsi
də prolurorluğa paralel olaraq xidməti təhqiqatı aparırdı. Onu da qeyd edim ki,
əgər işin içində polis əməkdaşı varsa, o zaman qanuna görə məsələnin
araşdırılması, işin istintaqı prokurorluq tərəfindən həyata keçirirlir. Sovet
dönəmində bu tədqiqat nəticəsində polis əməkdaşının baş verən olayda hansı
mövqedən çıxış etdiyi, nə dərəcədə haqlı və ya haqsız olduğu araşdırılırdı. Bu
gün Daxili Təhqiqatlar İdarəsində bu məsələlər nə dərəcədə araşdırılır, işin
keyfiyyəti nə dərəcədə qənaətbəxşdir, bilmirəm. Lakin baş verən olayda polisin
iştirakının araşdırılması vacibdir. Çünki bəzən olur ki, polis xəsarət alsa da
sağ qalırdı. Xidməti təhqiqat vaxtı aydın olurdu ki, cinayət əməlinin törədilməsində,
münaqişənin baş verməsində qarşı tərəf qədər də polis özü günahkardır. O zaman
həmin polis əməkdaşını orqandan xaric edirdilər. Prokurorluq digər tərəflə
bağlı cinayət işi qaldırıb onu həbsə alsa da, polis zərərkəçən də olsa, təqsiri
varsa, həmin polis əməkdaşı orqandan xaric edilirdi. Yəni sözün həqiqi mənasında
obyektiv araşdırma aparılırdı”.
Seymur Əliyev