Moderator.az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev Dövlət Neft Fondunu təhdid edən təhlükələrdən danışıb:
"Dünən
Dövlət Neft Fondunun 2014-cü ilin doqquz ayı ərzində gəlir və xərclərinə dair məlumat
açıqlandı. Məlum oldu ki, 2014-cü ilin 9 ayı ərzində Fondun aktivləri 3,98%
artaraq $35877,5 milyondan $37305,3 milyona yüksəlib. Ancaq məlumatların
analizi göstərir ki, 3-cü rüb Fond üçün bir o qədər də uğurlu olmayıb.
Dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslər, daha dəqiq
desək neftin və qızılın ucuzlaşması, dolların isə bahalaşması Neft Fondunun vəsaitlərinə
təsirsiz ötüşməyib.
Bu təsirlər nədən ibarətdir?
1. Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər
azalıb. Yanvar-sentyabr aylarında Fondun vəsaitlərinin idarə olunmasından əldə
olunan gəlirlər 162,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 47,9% azdır. 2013-cü ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri
311,2 milyon manat olub. 2012-ci ilin uyğun dövründə isə bu göstərici daha yüksək
- 440,4 milyon manata bərabər olub.
2. Fondun investisiya portfelinin gəlirliliyi
azalıb. Əgər ötən ilin 9 ayında portfelin gəlirliliyi 1,1% olduğu halda cari
ilin analoji dövründə gəlirlilik 0,6%-ə düşüb. Halbuki 2012-ci ilin müvafiq
dövründə gəlirlilik 1,7% olub.
3. Qızılın gəlirliyi azalıb. Ötən ilki 243,2
milyon manatlıq zərərdən sonra Fonda gəlir gətirməyə başlayan qızıl yenidən
itki verməyə başlayıb. Qızılın qiymətinin dəyişməsindən yaranan gəlir I rübdə
60,8 milyon manat, II rübdə 78,1 milyon manat olduğu halda III rübdə 3,7 milyon
manata düşüb.
4. Fondun aktivləri 0,8% azalıb. Cari ilin
3-cü rübündə Fondun aktivlərinin həcmi əvvəlki rübə nisbətən 317,1 milyon
dollar azalaraq oktyabrın 1-i tarixinə 37305,3 milyon dollara düşüb. Aprelin
1-i tarixinə aktivlərin həcmi 37622,4 milyon dollar olub.
5. Valyutaların məzənnələrinin dəyişməsindən
yaranan zərər artıb. Fondun hesabatına görə, yaranan fərq üzrə zərər 966,4
milyon manat olub. Halbuki ötən ilin uyğun dövründə zərərin həcmi 38,7 milyon
manat təşkil edib. Zərərin bu həddə çatmasına səbəb Fondun valyuta ehtiyatına
daxil edilən valyutaların əksəriyyətinin il ərzində ucuzlaşmasıdır. İkinci ən
böyük paya malik avronun (35,4%) manata olan məzənnəsi 2014-cü ilin 9 ayında təxminən
7% ucuzlaşıb. Zərərin məhz böyük hissəsi 9,7 milyard avroluq valyutanın dəyərsizləşməsi
hesabına yaranıb. Bu müddətdə Britaniya funtu (5,3%-lik pay) 1,2%, Avstraliya
dolları (0,5%-lik pay) 1,8%, Türki lirəsi (1,2%-lik pay) 5%, rus rublu
(1,3%-lik pay) 16% ucuzlaşıb. Yeganə olaraq 1,2%-lik paya malik Cənubi Koreya
vonu 0,5% bahalaşıb. Ehtiyatın 51,7%-nə malik ABŞ dolları son aylar əhəmiyyətli
dərəcədə bahalaşsa da manata nisbətən məzənnəsi sabit qalıb.
Son hesabat göstərdi ki, Neft Fondunun investisiya portfelinin gəlirliyinin
azalması müşahidə edilir. İnvestisiya siyasətinə edilmiş dəyişiklik nəticəsində
portfelə daxil etdiyi yeni valyutalar 2014-cü ildə xeyli ucuzlaşıb. Əgər türk
lirəsi və avronun ucuzlaşması əsasən dolların bahalaşması ilə bağlı idisə, rus
rublunun dəyərsizləşməsi həm də Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi
idi. Situasiyanı düzgün qiymətləndirən Fond ilin əvvəlində rus rublun müəyyən
hissəsində imtina edə bilmişdi. Ən böyük paya malik ABŞ dollarının (51,7%)
bahalaşması digər valyutaların ucuzlaşmasını kompensasiya edir. Ancaq dolların
manata olan məzənnəsinin sabit qalması Fondun valyuta ehtiyatlarının manat ifadəsində
milyarda yaxın zərərə düşdüyünü göstərir...
Neft Fondu üçün qarşıda çətin günlər durur. Güman ki, bir tərəfdən
neft hasilatının azalması və onun ucuzlaşması nəticəsində daxilolmaların
azalması, digər tərəfdən dövlət büdcəsinin gələn il pula ehtiyacının daha da
artması Fondun aktivlərin azalmasına gətirib çıxaracaq. Üstəgəl, Fondun puluna
Rusiya şirkətlərinin göz dikməsi vəsaitlərin səmərəsiz istiqamətə yönəldilməsi
ilə nəticələnə bilər. Fond Çin yuanını valyuta ehtiyatına daxil etmək planını
açıqlayıb. Bu təqdirəlayiqdir, ancaq onun məbləği müzakirə mövzusudur. Çünki
Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə yuanın məzənnəsinə mənfi təsir
göstərə bilər. Məncə, yuanın daxil edilməsi avronun payının azaldılması
hesabına baş verməlidir. Yəqin ki yaxın 1-2 ildə Rusiya aktivləri cəlbediciliyini
itirəcək. Müşahidələr göstərir ki, yaxın dövrdə ən etibarlı valyuta məhz ABŞ
dolları olacaq".