Bu gün Müsavatın 36 funksionerinin Qubad İbadoğlunu dəstəkləmələri barədə bəyanatla çıxış etmələri kefimə soğan doğradı və məncə bu açıqlama hamının maraqla gözlədiyi bu seçki marafonunun dadını-duzunu bütünlüklə qaçırdı. Əlbəttə, bu, heç də mənim Qubad İbadoğlunun namizədliyinin daha çox tirajlanmasından narahatçılığım kimi qəbul edilməməli, mən onunla da, Arif Hacılı ilə də dostam və hər iksini də başqan postuna layiqli namizəd hesab edirəm. Mənim azarım başqadır və istəməzdim ki, seçkilərə bir həftə qalmış artıq 27 sentyabr qurultayının şəffaflığına kölgə salınsın, qızışmış seçki ehtirasının, intriqaların havası alınsın. Məncə artıq bu bəyanat hər şeyi həll etməsə də çox şeyi həll etdi və tərəddüd edənlərin də seçim etmələrinə stimul verdi...
Təbii ki, indi yazacaqlarım 27 sentyabr seçkilərinə
hər hansı formada təsir etməyəcək. Ancaq istənilən halda proqnozlarımı, daha
doğrusu, ehtimallarımı izhar etmək istərdim. Məncə artıq 27 sentyabr seçkilərinin
taleyi həll olundu və Qubad bəy Müsavat başqanı seçiləcək. Bəs bu zaman illərini
Müsavat yolunda bada vermiş cəfakeş Arif Hacılının aqibəti necə olacaq? Yəqin
çoxlarını elə bu sual düşündürür. Məncə Müsavat başqanı İsa Qəmbər özü üçün bu
böhranı çoxdan çözüb və Qubad İbadoğlu başqan qoltuğuna otursa da Arif Hacılının
bu marafondan məğlub deyil, qalib çıxması yollarını da müəyyənləşdirib. Hər
şeydən öncə heç inanmağım gəlmir ki, İsa Qəmbər əzəli rəqibi Etibar Məmmədov
kimi partiyanı taleyin ümidinə və ya “dejurnı” sədrə həvalə edərək proseslərdən
çəkilə. Əksinə, mən İsa Qəmbərin gələcək aqibətini Liberal Partiyada Lalə Şövkətin
mövcud statusu ilə müqayisə edərdim. Hətta mən düşünürəm ki, nizamnaməyə
bununla bağlı ayrıca bənd salınmasa belə, İsa Qəmbər partiyada hakimi mütləq səlahiyyətlərini
qoruyub saxlayacaq. Üstəlik, növbəti qurultayda onun yenidən başqanlıq
qoltuğuna qayıdacağını mən indidən görürəm. İsa Qəmbərin hələ 57 yaşı var və o
61, lap 65 yaşında yenidən partiya başqanlığına qayıdaraq ötənlərdə reallaşdıra
bilmədiyini həyata keçirmək şansını nəzəri baxımdan da olsa qoruyub saxlayır.
Bir sözlə, İsa Qəmbər amilini unutmamaq lazım və 27 sentyabrda seçiləcək
Müsavat başqanının Rusiyada Medvedyevin prezidentlik dönəmi ilə müqayisə etmək daha
doğru olardı. Yəni Arif Hacılı və digər funksionerlər də anlayır ki, İsa Qəmbər
başqanlıqdan imtina etməklə demokratik ənənənin başlanğıcını qoyaraq beynəlxalq
aləmi, hakimiyyəti, eləcə də digər müxalif partiya sədrlərini fakt qarşısında
qoymaq naminə bu addımı atır. Odur ki, qurultaydan sonra məncə nə partiya
dağılacaq, nə Arif Hacılı gedib başqa partiya yaradacaq. Xülaseyi-kəlam, məncə
bu qurultaydan sonra tək bircə şey dəyişəcək- başqanın kabineti...