İki gün öncə Türkiyədə 217 manata mənzil sahibi olmaq imkanı barədə Azərbaycan mediasında yayılan xəbər cəmiyyətdə ciddi marağa səbəb oldu və hamını bir sual düşündürdü ki, bəs bizdə niyə ev almaq, mənzil sahibi olmaq bu qədər zülmlü bir bəlaya çevrilib?
Millət vəkili Əli Məsimli də Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirdi və hökumətin indiki imkanlarını qiymətləndirərkən
60-70 manata xalq evləri tikilməsini təklif etdi...moderator.az/?xeber=55933
Keçmiş maliyyə naziri Saleh Məmmədovunsa məsələyə
münasibəti daha orijinal təsir bağışlayır və cəlbediciliyi ilə seçilir:
"Azərbaycan digər sahələrdə olduğu kim mənzil
tikintisində də digər sovet ölkələrindən xeyli qabağa getmişdi, ciddi müvəffəqiyyətlərə
nail olmuşdu. Bununla bərabər potensial ehtiyyatlar və tələb də olduqca
böyükdür: əhalinin sayı sürətlə artır, böyük miqrasiya axını var (xüsusilə
xaricdə yaşayan Azərbaycanlılar hesabına), köhnə və sıradan çıxan mənzillərin
sayı xeyli çoxdur, insanların gəliri sürətlə artır ki, bu da mənzil şəraitinin
yaxşıladırılmasına tələbatı artırır, bir sözlə, mənzilə tələb təklifi xeyli qabaqlayır.
Belə olan halda tələblə təklifin tarazlaşdırılması üçün dövlətin işə qarışması
zərurəti meydana çıxır.
Məsələ burasındadır ki, Sovet dövründə dövlət
mənzillə təminat məsələsində demək olar ki, bütün məsuliyyəti öz üzərinə
götürürdü: bu başqa məsələdir ki, onu necə yerinə yetirirdi. İndi isə dövlət heç
olmasa mənzil bazarının tənzimlənməsində iştirak etməlidir, o zamanlarda büdcədən
mənzil tikintisinə yönəldilən vəsaitin heç olmasa cüzi bir hissəsini yönəldə
bilsə, normal tənzimləməni təmin edə bilər.
Əvvala, hökümət dövlət qulluğunda olan bütün
işçiləri mənzillə təmin etməlidir, belə olan halda mənzil bazarında gərginlik
xeyli zəifləyərdi. Digər tərəfdən, bu sahədə hökümətin özəl proqramı tərtib
olunmalı və bunun üçün maliyyə mənbəyi təyin olunmalıdır. Bu sahədə dünya təcrübəsində,
mən bilən Türkiyə təcrübəsindən yaxşısı yoxdur. Daha yaxşısını bu təcrübə əsasında
qurmaq olar. Mən özüm indiki prezident cənab Rəcəb Tayyib Ərdoğanın zamanında bu təşkilatın işinin təkmilləşdirilməsi
prosesində iştirak etmişəm. TOKİ (Toplu Konut İdarəsi) adı altında bu təşkilat
1984 cü ildə T. Ozal tərəfindən yaradılmışdı və R. Ərdoğan zamanında xüsusi və
daha geniş proqramla fəaliyyətə
başlamışdi. Toplu konut dedikdə, ictimai
mənzil, bilavasitə hökümətin iştirakı ilə
qurulan sosial mənzillər nəzərdə tutulur. Bu mənzillər hökümətin bilavasitə
iştirakı ilə qurulur və bazardan xeyli ucuz qiymətə satılır. Hökümət torpaq sahələrini,
infrastrukturanı (qaz, su, elektrik, kanalizasiya, telefon, tv, internet və digər
komunikasiya sahələrini) pulsuz təqdim edır, güzəştli ipoteka krediti
verir, inşaatçılar isə tenderlə inşaatı
həyata keçirir. Belə olan halda evin bir kv. m (rüşvət və digər qeyri-qanuni ödəmələr
istisna olmaqla) 250 manatı keçmir. Deməli, 40 kv. m bir otaqlı mənzil 10 min
manata gənc ailələrə, pensionerlərə, əlillərə satıla bılər. Əgər bu mənzillər
üçün 25 illik və illik 2% lə ipoteka krediti verilsə, (bu da Azərbaycanın tam
imkanları daxilindədir), bu mənzil hətta ilkin ödəmə olmadan sahibinə ayda
40-50 manata başa gələcək. Ayda 40-50 manat isə hər kəs ödəyə bilər, 100
manatdan aşağı demək olar ki, aylıq mənzil kirayəsi yoxdu.
Ümumiyyətlə, əhalinin mənzil şəraitinin
yaxşılaşdırılmasına prezidentin və hökümətin proqramında xüsusi yer
ayırılmışdır, sadəcə bu proqram və göstərişləri müvafiq orqanlar lazımi səviyyədə
yerinə yetirməlidirlər. Bunun üçün isə aşağıdakılar məqsədəuyğundur:
-Prezidentin İctimai mənzil idarəsinin
yaradılması (Türkiyədə TOKİ kimi);
-İctimai (toplu) mənzil haqqında qanunun
hazırlanması və qəbulu;
-İctimai mənzil alma hüququ olanların tərkibinin
müəyyənləşdirilməsi;
-İctimai mənzillərin tikintisi üçün torpaq sahələrinin
(fondunun) müəyyənləşdirilməsi (bütün şəhərlərdə);
-İctimai mənzillərin infrastrukturunun
yaradılması və ipoteka fondunun yaradılması üçün büdcə vasaitlərinin ayırılması
və təbii ki, bu prinsiplər əsasında fəaliyyətə başlanması."