"Ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinə çağırışı qanunvericiliyə uyğun olaraq yoxlama məqsədilə həyata keçirilir".
Bu barədə ANS PRESS-ə SHXÇDX-nin mətbuat xidmətindən açıqlama verilib.
Açıqlamada bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda
olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara
çağırılırlar.
SHXÇDX-dən toplanışların müddətləri və vaxtı məsələsinə də aydınlıq gətirilib:
"Toplanışların müddətləri və vaxtı məsələsi bu Qanuna uyğun olaraq Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb
ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir.
Müvafiq Qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi
vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi
yoxlama toplanışlarına çağırıla bilərlər".
Həmçinin bildirilib ki, Xidmətə həvalə olunmuş vəzifələr sırasında aidiyyəti səfərbərlik
planlarının yerinə yetirilməsi üçün təlim və məşqlərin keçirilməsi də yer alır.
Xidmət tərəfindən qanunvericilikdən irəli gələn tələblər çərçivəsində mütəmadi
olaraq bu kimi tədbirlər həyata keçirilir.