İraqda baş verən son olaylar dünyanın diqqətini özünə cəlb etdiyindən digər konfliktlər arxa plana keçib. Maraqlıdır ki, bu münaqişə Qərbin Rusiyaya qarşı sanksiyalar üzərində baş sındırması və Putin rejimini diz çökdürmək üçün dünya bazarında neftin qiymətinin mümkün qədər aşağı salınması təşəbbüsləri fonunda baş verir. Üstəlik, Rusiya və onu dəstəkləyən dövlətlər bu münaqişədə yenə də İsrail və Amerikanı ittiham edirlər.
Moderator.az millət vəkili, iqtisadçı ekspert, Sosial və İqtisadi
İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimliyə baş verənlərə aydınlıq
gətirməsi üçün aşağıdakı suallarla müraciət edib:
“Sizcə İraqda baş verənlər dünya bazarında neftin qiymətinə necə
təsir edəcək? Bu gün artım müşahidə edilir, bəs münaqişənin davam
etməsi Rusiyanın xeyrinə deyilmi? O zaman nədən bütün dünya ancaq Amerikanı
ittiham edir? Amerika Rusiyanın iqtisadiyyatını çökdürmək üçün qiymətin ən azı
2 dəfə enməsində maraqlıdırsa nədən o bu münaqişədə maraqlı olsun?”
Millət vəkili baş verənlərin hansı beynəlxalq gücün təşəbbüsü
olduğunu müəyyənləşdirmək üçün bir qədər də gözləməyin lazım gəldiyi
qənaətindədir:
“Neft sadəcə iqtisadiyyat yox,həm də siyasətdi, amma ondan da qat-qat
çox geopolitikadır.Ona görə də dünyada baş verən hadisələr neftin qiyməyinə
təsir göstərir. Digər tərəfdən isə dünya bazarına çıxarılan neftin yalnız 2-3
faizi birjalarda satılır və orada olan spekulyativ manevrlər də neftin
qiymətinə ciddi təsir göstərir. İraqda baş verən hadisələr zamanı həmin ölkənin
dünya bazarına neft çıxaran bölgələri də ziyan çəkdiyindən, son vaxtlar neftin
qiyməti artmağa başlayıb. Münaqişə davam etsə, neftin qiymətinin artması da
davam edə bilər. Amma bu artım kəskin xarakterli olmayacaq.Bununla belə neftin
qiymətinin artması, neft hasil edən ölkələrin xeyrinə işləyir, çünki bundan
əlavə gəlir götürürlər. Amma İraq hadisələri neft hasil edən ölkələrin əlavə
gəlir götürməsi üşün törədilməyib.Bu son vaxtlar dünya düzənində baş verən
hadisələrin mühüm tərkib hissəsidir. İraq hadisələrində dünya kimisə ittiham
etməlidi. Geopolitik proseslərin məntiqindən çıxış etsək, Amerika bu münaqişədə
maraqlı olmasa da, görünür bu dəfə ittiham olunmaq növbəsi Amerikanındır. Amma
bir müddətdən sonra bu qarışıq dünyada Qərbi əsas hadisələrdən, eləcə də
Ukrayna olaylarından yayındırmaqdan ötrü
əlavə olaraq İraqı da qarışdırmağın kimə lazım olması həqiqətinə aydınlıq gətiriləcək....”