Milli Şura sədri Cəmil Həsənlinin aktual.az saytına verdiyi açıqlama ilə bağlı yaranan anlaşılmazlıq digər ziyalıların da diqqətini cəlb edib. Məlumat üçün qeyd edək ki, açıqlamanın sayta qoyulmasından qısa müddət sonra “ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil” ifadəsinin ona məxsus olmadığını bildirən C.Həsənli, fikirlərinin təhrif edildiyini, Azərbaycanın indiki dönəmidə ziyalının əyninə kəfən geyməli olduğunu bildirib. Lakin ümumilikdə baş verənlər “ziyalı vətəndaş mövqeyi sərgiləməlidirmi” mövzusunu aktuallaşdırıb ki, bu məsələyə ziyalıların hamısının baxışı eyni deyil.
“Yazıçının vətəndaş mövqeyi olmalıdır və bu, birmənalıdır”
Məlum məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycanın məşhur yazıçısı, tanınmış ziyalı Əkrəm Əylisli həqiqi ziyalının hökmən vətəndaş mövqeyinə malik olmalı olduğunu vurğulayıb:
“Yazıçının mövqeyi istər-istəməz bir vətəndaş mövqeyidir. Ola bilsin ki, Cəmil müəllim demək istəyib ki, yazıçının öz vətəndaşlıq mövqeyini əsərləri ilə göstərməyi daha yaxşıdır. Çünki bunun əksi olan fikirləri mən Cəmil bəyin adına layiq hesab eləmirəm. Təbii ki, yazıçının vətəndaş mövqeyi olmalıdır. Dünya xəlq olunandan bəri bizim böyük vətəndaş mövqeyinə malik gözəl yazıçılarımız olub. Mirzə Fətəlidən tutmuş Cəfər Cabbarlıya qədər bir çox ziyalı buna nümunədir. Bu insnaların hamısının dəqiq, aydın vətəndaş mövqeyi olub. Əgər vətəndaş mövqeyi meydanlarda, mitinqlərdə özünü göstərməkdirsə, bu, mənim üçün də şübhəli vətəndaş mövqeyidir. Ola bilsin ki, hər hansı bir adam mitinqə gedib orada mövqe bildirməsin. Lakin onun özünəməxsus vətəndaşlıq mövqeyi olsun”.
“Vətənpərvərlik sözdə deyil, əməldə olmalıdır”
Ə.Əylislinin qənaətincə, əsl vətənpərvərlik sözdə deyil, əməldə özünü göstərməlidir:
“İndi ölkədə belə bir azar düşüb ki, hər kəs özünü vətənpərvər hesab edir. Bu, xəstəlik halını alıb. Vətənpərvərlik hər kəsin varlğında olmalıdır. Vətənpərvərliyi sözlə deyil, əməllə göstərirlər.
Əgər Azərbaycanda kifayət qədər vətənpərvər olsaydı, Azərbaycan indikindən on dəfə gözəl olardı. Azərbaycanda insanların bir-birinə rəğbəti, məhəbbəti, etibarı, ağsaqqala hörməti, ziyalıya münasibəti indikindən tamam fərqli şəkildə olardı. Ziyalılıq, vətənpərvərlik ucadan şüar qışqırmaqda deyil. Indi elə vətənpərvərlər, ideoloqlar ortaya çıxıb ki, mən onların vətənpərvərliklərinə min il qala inana bilmərəm. Onlar fürsətcil adamlardır. Onlar mənəvi dəyərlər əsasında yaşamayan insanlardır”.
“Vətənpərvərlər xalqın nüvəsidir”
Ə.Əylislinin bildirdiyinə görə, vətənpərvərlər xalqın nüvəsini təşkil edir və xalqın əsas gücü onlardadır:
“Vətənpərvərlik bir rəngdə, bir formada deyil. Sadəcə ağ və qara deyil, onun müxtəlif rəngləri mövcuddur. Həqiqi vətənpərvərlərin sayı yetərincə olsaydı, Azərbaycanda yaşamaq bundan qat-qat rahat, bundan qat-qat fərəhli olardı. Azərbaycan elə bir qüdrətli dövlət olardı ki, onun heç nədən qorxusu olmazdı. Daxillərində, mənəviyyatında, ruhunda vətənpərvərlik gəzdirən insanlar xalq və vətən üçün xüsusi bir qüvvəni təşkil edir. Bu, əsas qüvvədir. Bu, xalqın nüvəsidir. Bu nüvə olmadan xalqın qüdrətini ifadə etmək xeyli çətindir”.
“Vətənpərvərlik hər kəsin evindən başlayır”
Ə.Əylislinin qənaətincə, vətənpərvərlik hər kəsin evindən başlayır:
“ Vətənpərvərlik hər kəsin öz evindən başlayır. Vətənpərvərlik çöldən gəlmir, onu haradansa almırlar, kitabdan oxumurlar. Insan o zaman vətənpərvər olur ki, öz vətəninə öz evi kimi baxır. Öz vətənində özünü öz evində, doğma insanların əhatəsində hiss edir. Əsl vətənpərvərlik budur. Mən 1980-ci illərin əvvəllərində Əziz Nesinin qonağı oldum. O zaman Türkiyədə çox çətin vaxt idi. Deyirdilər ki, müəyyən vaxtda işıq söndürülməlidir. Mən və bir neçə adam Ə.Nesingildə qonaq idik. Gördüm ki, insanlarda bir təşviş yaranıb. O vaxta kimi bilmirdim ki, işıq müəyyən müddət ərzində sönməlidir. Işığı söndürdülər, şam yandırdılar. Mən Türkiyədə vətənpərvərliyi, vətənə olan sevgini o zaman gördüm. Həmin vaxt Azərbaycanda vəziyyət fərqli idi. Həmin vaxt Azərbaycanda deyilsəydi ki, işıqlarınızı iki saat söndürün, bəlkə də bəziləri acığa düşüb iki saat da artıq yandırardı”.
“Həqiqi vətənpərvərlikdən qazanan olmayıb”
Məşhur yazıçının bildirdiyinə görə, gerçək vətənpərvərlik çox zaman əzab və məhrumiyyət demək olsa da, bundan qazanc əldə etməyə çalışan saxta vətənpərvərlər də az deyil:
“Dövlətçilik hissiyatı böyük hissiyatdır. Əgər dövlətini həqiqətən də sevirsənsə, bu başqa məsələdir. Lakin özün üçün bir maska düzəldib özünü göstərirsənsə, bundan özün üçün nə isə qazanırsansa, bu, tamam başqa məsələdir.
Həqiqi vətənpərvərlikdən hələ heç kim heç nə qazanmayıb. Həqiqi vətənpərvərlik yolunda uduzmaq da olar, əziyyətlərə tab gətirmək də olar, amma yalançı vətənpərvərlər vətən deyə-deyə hər şeyi əldə etməyə çalışırlar. Bu, bizim zəmanəmizdə ən ağrılı məsələlərdən biridir”.
Seymur Əliyev