Bakının Novxanı çimərliyi yaxınlığındakı “Sarıqaya” yaşayış massivinin “İnşaatçılar” düşərgəsində məskunlaşan məcburi köçkünlər dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Bu barədə Moderator.az-ı bilgiləndirən vətəndaşların sözlərinə görə, “Qaçqınkom” sədri məcburi köçkün məzillərinə sayğac qoyulmayacağını, habelə kəsilən enerji təchizatının bərpa ediləcəyini bildirib:
“Ə.Həsənovla görüşdən qısa müddət sonra kəsilən elektrik enerjisinin verilməsi təmin olundu. Komitə sədri bildirdi ki, köçkünlərin yaşadığı mənzillərə sayğac qoyulmayacaq. Sadəcə, məcburi köçkün düşərgələrinə verilən elektrik enejisinin dəqiq hesablanması təşkil ediləcək və istifadə olunan enerjinin pulu “Qaçqınkom” tərəfindən əlaqədar quruma ödəniləcək. Bizi dinlədiyinə və problemimizin həllinə yardım göstərdiyinə görə hörmətli komitə sədrinə təşəkkür edir, minnətdarlığımızı bildiririk”.
Məlumat üçün qeyd edək ki, əsasən laçınlı məcburi köçkünlərin məskunlaşdığı “Sarıqaya” massivindəki köçkün mənzillərinə elektrik sayğaclarının quraşdırılması vətənaşların ciddi narazılığına səbəb olub. Mənzillərin qazla təmin edilmədiyini və bütün ehtiyacların elektrik enerjisi hesabına qarşılandığını əsas gətirən məcburi köçkünlər evlərin sayğaclaşdırılmasının üzgün olmadığı qənaətindədir. Məhz bu zəmində yaranan qarşıdurma nəticəsində mənzillərə sayğac quraşdıra bilməyən işıq idarəsi əməkdaşları “İnşaatçılar” düşərgəsinə gedən yüksəkgərginlikli elektrik xəttinə kəsərək məcburi köçkünləri qaranlıqda qoymuş, bütün müraciətlərə rəğmən enerji verilişini təmin etməkdən imtina etmişdir. Məcburi köçkünlər Ə.Həsənovla görüşdən sonra məlum problemin birdəfəlik həll olunacağı ümid edir.