YAP Siyasi Şurasının üzvü, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov virtualaz.org saytında Əbülfəz Elçibəyi təhqir edib. Öz əxlaqına uyğun olaraq Milli Azadlıq Hərəkatının liderini “ən böyük avara” adlandırıb. Milli Azadlıq hərəkatından sonra keçən bu illər ərzində ilk dəfədir ki, Elçibəy haqqında bu cür ifadələr işlədən adama rast gəlirəm. Doğrudur, ara-sıra sosial şəbəkələrdə iranpərəstlər, etnik separatizmə meylli insanlar başqa imzalarla ona qarşı təhqir edici ifadələr işlədiblər. Çünki, Elçibəy Bütöv Azərbaycan, TURAN, millət, dövlət sevdalısı idi. Təbii ki, bu səbəbdən düşmənləri onu sevə bilməz, bu vətən oğluna nifrət edə bilərlər.Amma Ağəbəy Əsgərovu başa düşmədim. Məntiq onu deyir ki, deyəsən bu adam da yuxarıda qeyd etdiyim insanların qrupundandır. Bu cür olmasa idi ölkə prezidenti olmuş, Azərbaycanın müstəqilliyi, suverenliyi naminə öz sırtını körpü edərək prezidentlik kürsüsündən imtina etmiş, dünyasını dəyişmiş bir insan üçün təhqiredici ifadə işlətməzdi. O unudur ki, Bəyi təhqir etməklə milyonları təhqir etmiş olur. O unudur ki, Elçibəyi tənqid edən tək-tük adamlar tapılsa da, hətta YAP üzvləri belə onun yüksək insani keyfiyyətlərə malik, əsl ziyalı, millətsevər, dövlətsevər bir insan kimi tanıyırlar və bu ifadəsinə görə YAP-çılar belə üzünə deyə bilməsələr də, Ağabəyi adına yaraşamyan ifadəsinə görə qınayacaqlar.
Elçibəy təkcə Azərbaycanda deyil, bütün dünyada özünün ən böyük demokrat olduğunu sübut etdi. Şərqdə istefa mədəniyyətinin nümunəsini göstərdi. Prezident oldu, amma ölkənin, xalqın bir qara qəpiyinə əl uzatmadı, özünü sadə insanlardan üstün hesab etmədi, Dubayda villaları, uşaqlarının adına milyonları olmadı, qohum-əqrəbalarını vəzifələrə təyin etmədi. Türk dünyasında milyonların sevimlisi olsa da, hər çağrışında minlərlə insan səsinə səs versə də, vəfat edərkən belə borclu idi. Bu acıdan Ağabəy Əsgərov kimilərin onun haqqında danışmağa mənəvi haqqı yoxdur.