ABŞ şumeroloqu doktor Tariyel Azərtürk: "Muğamın ilkin formaları da bizə məxsusdur və onun tarixi şumer dönəminədək gedib çıxır."
Moderator.az xəbər verir ki, dünən Azərbaycan Milli Konservatoriyasında ABŞ-ın Sietl şəhərində yaşayan Azərbaycan əsilli alim, şumeroloq doktor Tariyel Azərtürkün İkiçayarasında qədim mixi yazılı mətnlərin düzgün qəliblənməsi və doğru-düzgün oxunuşunun müəyyən edilməsində dünya şumerologiya, türkologiya elmlərinə gətirdiyi yeni baxış sistemi sənətşünas alimlərin, yazıçı, musiqiçi və rəssamların iştirakı ilə qızğın müzakirəyə səbəb oldu. Tədbirdə iştirak edən Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Səyavuş Kərimi Tariyel Azərtürkün şumer yazıları və Azərbaycan muğamı haqqında ortaya çıxardığı yeniliklər Konservatoriyanın musiqiçi-alimlərinin dərin marağına səbəb olduğunu bildirdi. Videogörüntülərin müşayiəti ilə mövzu haqda elmi məruzə edən Tariyel Azərtürk bildirdi ki, son dövrlərədək bu mixi yazıların türk olmayan xalqlara aid edilməsi və hələ də dünyada bu yanlış mövqenin hakim kəsilməsi bəlli siyasi, etnik maraqlara dayanır. Baxmayaraq, indiyədək bu yazıları müxtəlif cür qəlibləmələrlə fərqli şəkildə oxuyanlar olub, onu semit və ya Hind-Avropa dillərinə bağlamaq cəhdləri üstünlük təşkil edib, ancaq bu cür oxunuşlardan yaranan cəfəng mətnlər fundamental suallara davam gətirmək məntiqinə malik deyil. Ona görə də bəzi alimlər bəşəriyyətin bu ilkin yazısının ən çox türklərlə bağlı olduğu qənaətinə gəliblər. T.Azərtürk həmçinin qədim bir daşüstü rəsmdə tarımızın sələfi sayıla biləcək alətin bərpa olunmuş şəklinin fotosurətini nümayiş etdirərək, “üşşaq” və“tar” sözlərinin işləndiyi qədim mətnlərdən də iqtibaslar gətirib. Sənətşünaslıq elmləri doktoru Abasqulu Nəcəfzadənin, xalq rəssamı Fəxrəddin Əlizadənin və başqa müzakirə iştirakçılarının suallarına aydınlıq gətirən məruzəçi elmi ictimaiyyətə təqdim etdiyi yeni baxış sisteminin maneələri aşması üçün hamılılıqla hələ də çox işlər görülməsinin zəruri olduğunu bildirdi. Xatırladaq ki, qısa müddətə ölkəmizdə qonaq olan Tariyel Azərtürk ABŞ-da nəşr olunmuş “Əjdad” (azərbaycanca), “Qenezis tyurka i tyurkskoqo yazıka” (rusca), “Genesis of Turk and Turkish language” (ingiliscə) adlı elmi kitabların müəllifi və “The Turkic World ”“ Türk Dünyası” dərgisinin redaktorudur.