İsa Qəmbərin Müsavat Məclisindəki “hakimyyətə gəlmişdik, gördünüz, bir də gələcəyik, bir də görəcəksiniz” bəyanatına münasibət bildirməsəm məndən inciyər. Başqan AXC iqtidarının 11 aylıq hakimiyyətinə qarşı 21 il davam edən “gəlmişdilər, gördük kəramətlərini” atmacasına təbii ki, bu cür cavab verməliydi. Amma bəyanat vermək işin çox cüzi bir hissəsi, mən də durub deyə bilərəm ki, İlham Əliyevdən sonra prezident özüm olacam. Yəni məsələ ondadır ki, konstitusiya İsa Qəmbərə ölkə prezidenti olmaq haqqı verir və bunun üçün namizədliyini verib seçkilərdə iştirak etməlidir. Baxmayaraq ki, o 2003-cü ildə, hakimiyyətin Heydər Əliyevin yoxluğundan qaynaqlanan səksəkəsi zamanı, mövcud olduğu 21 il ərzindəki ən zəif vaxtında bir balaca da zirək tərpənib təxribatlara uymasaydı və 15-16 oktyabr hadisələrinin törənməsinə imkan verməsəydi hələ 11 il öncə bu arzusuna qovuşa bilərdi, ancaq ya zəlzələdən, ya vəlvələdən bacarmadı, prezident qoltuğunun bir addımlığındaykən onu əldən verdi...
Hələ 2000-ci ilin lap əvvəlində, Kəlbəcərin işğalıyla bağlı ANS-də gedən “Ən yeni tarix” verilişindəki çıxışında mərhum Əbülfəz Elçibəy də təxminən İsa Qəmbər kimi bir gəlişigözəl bəyanat səsləndirmişdi. O aparıcının hər vəchlə onu Kəlbəcərin xəyanət nəticəsində ermənilərə təhvil verilməsində günahlandırmasına etiraz olaraq bir az emosional ovqatda “biz nə yatıq ki, nə də yuxu görək. Biz hakimiyyətə gələcəyik və bütün bu baş verənlərin hesabını da soracağıq” demişdi...
Ancaq zalım fələk və fələyin saqqızını oğurlamağı bacaran kəmfürsətlərin Əzrayılla separat sövdələşməyə gedərək Bəyin bu arzusunu gözündə qoymasından sonra ilk dəfə idi ki, AXC iqtidarının rəhbərlərindən biri səviyyəsində oxşar bəyanat səsləndirlir...
Amma bu bəyanatına baxmayaraq elə həmin Məclisin iclasında başqan etiraf edir ki, bizim fədakarlığımız ölkədəki vəziyyəti dəyişmək üçün kifayət etmirsə, deməli durumu yenidən dəyərləndirmək lazımdır. Bu dolayısıyla o deməkdir ki, “biz yenə gələcəyik” açıqlaması sadəcə heç üfüqdə də görünməyən arzudur və onun gerçəkləşəcəyi günü indidən müəyyənləşdirmək üçün hər hansı ipucu da ortada yox.
Milli Şuranın da bostanına da daş atmağı yaddan çıxarmayan İsa Qəmbər bu qurumdan çıxmalarının doğru olduğunu deyir və “müxalifətdən illər uzunu nə tələb olunurdusa, bunu etdik” açıqlamasıyla bundan sonra hakimiyyət uğrunda təkbaşına mübarizə aparacaqlarının anonsunu vermiş olur. Amma onun belə ürəkli açıqlamasıyla Müsavatın mayın sonlarına təyin edilmiş qurultayı arsında bir bağlılıq axtarmamaq da maymaqlıq olardı. Başqan demək istəyir ki, mənim Müsavatın rəhbərliyindən gedəcəyim kimsənin ağlına gəlməsin, getsəm belə, qurultaydan sonra da hansı postda olmağımdan asılı olmayaraq yenə də pariyada söz sahibi özüm olacam...
Təbii ki, mən İsa Qəmbərin Əbülfəz Elçibəydən fərqli olaraq arzusuna çatacağına ümid edirəm. Buna yaşı, başı, sağlamlığı və siyasi təcrübəsi tam imkan verir. Üstəlik, o İsa Məsihdən heç də az olmayan çəkdiyi əzablarla prezident kürsüsünə hamıdan, konkret olaraq müxalifətdəki özündənbəylərin hamısından daha çox haqq edir. Amma bu status İsa Qəmbərə heç də yenidən fədakar müsavatçıları mübarizəyə kökləyib sonradan buraxılan səhvlər hesabına onları umsuq etməyə haqq vermir. Cəfakeş müsavatçılar “Biz yenə gələcəyik” deməklə gəlməyin mümkünsüzlüyünü ötənlərdə bir neçə dəfə sınaqdan keçirdilər və acı nəticələrini gördülər. Odur ki, “halva, halva” deməklə ağızın şirin olmayacağını da xatırlamaq və xatırlatmaqda fayda var...