Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncə şəhərində təşkil olunan tibbi müayinələrin ilkin nəticələri müzakirə edilib. Səhiyyə işçilərinin və şəhər ictimaiyyətinin toplantısında bugünə kimi həyata keçirlən işlərin hesabatı verilib.
Moderator.az-a daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov tibbi müayinənin əhəmiyyətini vurğulayaraq bildirib ki, aparılan tibbi profilaktik baxışlar vətəndaşlarda xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. May ayının 1-ə kimi davam edəcək sağlamlıq aksiyası başa çatdıqdan sonra nəticələr ətraflı müzakirə olunacaq.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəsisi Mehman Rzayev keçirilən müşavirədə bildirib ki, 325 min 500 nəfər əhalisi olan şəhərdə sakinlərin 113 min 808 nəfərini 18 yaşadək olanlar təşkil edir. Şəhərin 1 saylı poliklinikası tərəfindən 22 min 451, 2 saylı poliklinikası tərəfindən 68 min 100, 3 saylı poliklinikası tərəfindən 17 min 892, 5 saylı poliklinikası tərəfindən isə 63 min 860 nəfərə tibbi xidmət göstərilib. Müharibə veteranları poliklinikası isə 17 min 731 nəfər böyük yaşlı əhaliyə tibbi profilaktik xidmət göstərib.
Yoxlamalar zamanı aşkar edilən xəstəliklər işərisində kardioloji, nevroloji, oftolmoloji, ağciyər xəstəlikləri daha çox müşahidə edilib. Şəhərin baş həkimi bildirib ki, Gəncənin ali və orta ixtisas təhsili müəsissələrində də həkim briqadaları tərəfindən yoxlamalar aparılır. Bundan başqa həkim briqadaları tərəfindən Gəncənin Hacıkənd, Cavad xan, Şeyxzamanlı, Məhsəti, Sadıllı qəsəbələrində də əhali qrupu tibbi profilaktik baxışdan keçirilib.
Bildirilib ki, aprel ayının 1-i tarixinə kimi 30 min 549 nəfər tibbi profilaktik müayinədən keçib. Dərinləşdirilmiş müayinə və müalicə üçün 286 nəfər Gəncə şəhərindəki stasionarlara, 56 nəfər isə Bakı şəhərinə göndərilib. Yığıncaqda Gəncədə həyata keçirilən tibbi müayinələrdə aktiv iştirak edən səhiyyə işçiləri təltif olunublar. Bir qrup səhiyyə işçisinə isə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.