Ermənistan baş naziri Tiqran Sarkisyan istefa verib. Bu barədə parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.
"Sarkisyanın istefası Respublika Partiyası tərəfindən qərara alınıb", - deyə Şarmazanov Ermənistanın hakim partiyası olan Respublika Partiyasının rəhbər orqanının bu gün keçirilmiş iclası barədə danışarkən bildirib.
"Hələ bir ay qabaq o (Sarkisyan) belə bir xahişlə prezidentə müraciət etmişdi. Amma Konstitusiya Məhkəməsində icbari pensiya sistemi ilə bağlı dinləmələr nəzərdə tutulduğundan prezident gözləməyi xahiş edib, amma bu gün baş nazirin xahişi yerinə yetirilib", - deyə o vurğulayıb.
Hakimiyyətdən olan “Qarabağ” klanından fərqli olaraq yerli ermənilərin nümayəndəsi olan Tiqrán Surenoviç Sarkisyan 29 yanvar 1960-ci ildə Kirovakan şəhərində anadan olub. O, 9 aprel 2008-ci il tarixdən 3 aprel 2014-ci il tarixə kimi Ermənistanın baş naziri işləyib. Onun hakimiyyətdən getməsi yerli ermənilərin mövqelərinin zəifləməsi kimi dəyərləndirilə bilər.