“Nə “EL” Hərəkatında, nə də Müsavat Partiyasında güclü dünşüncəyə malik olan adam yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında Yeni Müsavat Partiyasının sədri Hafiz Haciyev Müsavat Partiyası ilə “EL” hərəkatının “Düşüncə Mərkəzi” yaratmaları ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, 20 ildir Müsavat Partiyası ilə “EL” hərəkatı köhnə düşüncə ilə yaşayırlar:
“Onların nə düşüncələri var, nə də ideyaları. Mərkəzi ağlı olan, düşüncəsi olan adamlar yaradır. Bundan əlavə, Eldar Namazov nə vaxtdan müxalifətçi olub, mən bilmirəm. 10 il bundan əvvəl Azərbaycan hökümətinin içindən müxalifətə qarşı çıxış edənlərdən biri də elə o idi, o cümlədən Müsavat Partiyası. Məlum olduğu kimi axır günlərini yaşayır və siyasi arenadan silinmək üzrədir. Elə ona görə də, birləşməyə qərar veriblər”.
Partiya sədrinin sözlərinə görə, Müsavat Partiyası öz qurultayını belə keçirməyə cəsarət etmir: “Ona görə də, bunların birləşib nə isə yaratmaları qətiyyən düzgün deyil. Milli Şurada da elə adam yoxdur ki, bunlar kiminləsə rəqabət apara bilsin. Əslində onların heç biri heç nəyə yaramır. Düşüncəli və zəkalı insanalar analik mərkəz və ya siyasi mərkəz açıqlar. Görünür, onların bu kimi mərkəzlərdən xəbərləri yoxdur. Onların bundan xəbəri olsaydı 20 il müxalifətdə qalıb Azərbaycan xalqını aldatmazdılar. Bundan əlavə, Müsavat Partiyasının və “EL” Hərəkatının başı qarışıb bir-birlərini qırmağa. Onun üçün bunlar müəyyən yollarla xaricdən aldıqları qrantları yenidən almaqdan ötrü, indi də Düşüncə Mərkəzi açırlar və özləri öz başlarını bununla qatırlar. Hesab edirəm ki, bunları müxalifət adlandırmaq olmaz. Çünki onlar düşüncəsiz və ideyasız insanların yığıncağıdır. Mən təqribən 10-15 il həmin insanlarla bir yerdə işləmişəm. Onların bacarıqlarına da bələdəm, qabiliyyətlərinə də. Ona görə də deyirəm ki, qabiliyyətsiz insanlar heç vaxt bir yerdə heç nəyə nail ola bilməzlər. Azərbaycanda bir müxalifət partiyası varsa, o da Yeni Müsavat Partiyasıdır. Hamı da görür ki, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov kimi insanları xarici himayədarların predmetinə çevrilərək, Azərbaycana xəyanət etmələrinə imkan vermirəm”.