Bu gün ATV telekanalının Sumqayıta gəlişi və buzlu yolların vəziyyəti ilə maraqlanması şəhərin icra başçısı Eldar Əzizovu bərk təşvişə salıb.
Bu barədə Moderator.az-ı Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, E.Əzizov qar yağandan bəri ilk dəfə Sumqayıt küçələrinə yolların təmizlənməsi üçün ağır texnika çıxardıb:
“Bir həftəyə yaxındır ki, yağan qar səbəbi ilə hərəkət üçün yararsız olan yolların açılmasıl üçün kirpik belə tərpətməyən E.Əzizov, ATV kameraları qarşısında əsl şou göstərib. DYP əməkdaşlarının köməyi ilə magistral yolları hissə-hissə bağlatdıran və qalın qar təbəqəsi ilə örtülən yollara texnika salan icra başçısı, bununla ATV vasitəsi ilə ictimaiyyətə öz zəhmətkeşliyini nümayiş etdirməyə çalışıb. Lakin icra başçısının bu səyi ətrafdakı insanların gülüşünə səbəb olub. Bununla belə vətəndaşlar hesab edir ki, ara-sıra telekanalların Sumqayıta gəlişində fayda var. Ən azından ona görə ki, E.Əzizovu hərəkətə gətirməyin yeganə vasitəsi budur və bəlkə kamera qorxusu icra başçısını ara-sıra da olsa vətəndaşa xidmət etməyə vadar edə bilsin”.