Bu il sentyabrın 20-də transmilli şirkətlərlə “Əsrin kontraktı” adlandırılan neft kontraktlarının imzalanmasın 20 ili tamam olacaq. Ancaq ötən 20 il ərzində ölkəyə sel kimi axan neft milyardlarından gen-bol bəhrələnənlərin də xoşbəxtliyi uzun sürmədi. Artıq hamı anlamağa başlayıb ki, neft bumu arxada qalıb və ötən ilin sonlarında imzalanan “Şahdəniz-2” kontraktı da bu boşluğu doldurmaq iqtidarında deyil.
Görünür,
elə ona göprə də son vaxtlar Dövlət Neft Şirkəti ölkə ərazisi boyu ehtimal
olunan neft yataqlarının axtarışına başlamaq qərarına gəlib və AMEA-ının
müvafiq institutlarıyla birlikdə Azərbaycanın şimal-qərb zonasında geoloji kəşfiyyat
işlərinə başlanılıb.
Ancaq
ölkənin neft mütəxəssisləri bədbindir və onlar belə hesab etmirlər ki, Abşeron
yarımadasında və Xəzərin dibində istismar olunan neft yataqlarına bənzər, yaxud
heç olmasa neft istehsalının kəskin azalmasının qarşısını almaq iqtidarında
olan neft yatağı kəşf etmək mümkün olacaq.
Moderator.az
mövzunun hədsiz aktuallığını nəzərə alaraq dünya şöhrətli mərhum alimlərimiz Azad
Mirzəcanzadə və Midhət Abbasovdan sonra Azərbaycanın ən sanballı neft alimlərindən
hesab olunan iki alimin mövqeyini öyrənib.
AMEA-nın müxbir üzvü, professor Ramiz Qurbanov
deyir ki, son vaxtlar bu istiqamətdə irəli sürülən təşəbbüslərdən və Azərbaycanın
şimal-qərb zonasında neft axtarışlarına başlanılmasından xəbəri var. Ancaq alim
hesab edir ki, hələ sovetlər dövründə də ehtimal olunan bütün ərazilərdə
geoloji-kəşfiyyat işləri aparılıb və demək olar ki, Azərbaycanın bütün əraziləri
“ələnib”, ümidverici nəticələr əldə edilməyib. R.Qurbanov misal üçün Salyanda
15000 metrlik kəşfiyyat quyusu qazılmasını xatırlatdı və bildirdi ki, sovetlərin
sonuna yaxın artıq bu quyunun yarısı qazılsa da ehtimal olunan nəticələr əldə
edilmədiyindən işlərin dayandırılmasına qərar verilmişdi.
Dövlət Neft Akademiyasının kafedra müdiri,
professor Zaur Əhmədov da həmkarı Ramiz Qurbanov kimi pessimistdir: “Ölkənin
digər ərazilərində geoloji-kəşfiyyat işlərinin aparılması təşəbbüsləri təbii
ki, alqışlanmalıdır və bu layihələr ölkənin gələcək iqtisadi inkişafı və yerin
dərin qatlarının öyrənilməsi baxımından önəmlidir. Amma mən hesab etmirəm ki, nəhəng
neft yataqları tapmaq mümkün olsun. Çünki sovet hakimiyyəti dönəmində də bu
istqamətdə ciddi tədqiqat işləri aparılaraq bütün ehtimal olunan ərazilərdə iş
aparılırdı. Ancaq Abşeron yarımadasında və Xəzər ekvatoriyasındakı yataqlar
kimi nəhəng “neft deposu” tapılacağını güman etmirəm.”