Moderator.az iqtisadşı alim, keçmiş deputat Nazim Məmmədovun facebook səhifəsinə istinadən xəbər verir ki, haqsızlıqla üzləşən daha bir soydaşımız çıxış yolunu intiharda görür...
“Mən Məmmədov Elşad Tofiq oğlu Qazax rayon sakiniyəm, Aşağı Əskipara kəndində qeydiyatdayam. Ailəliyəm, üç körpə övladım var. Böyük qardaşım Qarabağ qazisidir. İndiyə qədər 1000-ə yaxın şikayətim nəticəsiz qalıb. Əlim hər yerdən üzülüb. Prokurorluq, məhkəmələr hamısı sifariş yerinə yetirir. Bu əmrləri Hacı İbrahim Nehrəmli verir. Hansı ki, mənim əlimdə sənədlər var. 2012-ci ilin fevral ayının 1-də “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə məxsus olan “Həsən-96” MTK-nın sədri Emil Tağıyevdən (Hacı İbrahimin bacanağı) Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlamışam. Buna görə də MTK-ya 355 min manat ödəmişəm. Maliyyə arayışı və kassa mədaxil qəbzləri əlimdədir. Haqqımı tələb edəndə Hacı İbrahimin mühafizəçisi məni ölümlə hədələdi. Bundan sonra ailəmin və üç körpə övladımın təhlükəsizliyini təmin etmək üçün Qazax rayonuna köçdüm və kirayələrdə qalmışam. Nə pulum qaytarılır, nə də mənzilləri verirlər. İndiyə qədər Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi susublar, məhkəmələr əleyhimə qərar çıxarıblar. Pulumu ala bilmədiyim üçün intihar edəcəm”.