“Son günlər bəzi KİV orqanlarında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun guya sahibkarları siyahıya aldıraraq onlardan pul tələb etməsi ilə bağlı yayılan informasiyalar əsassızdır”. Bu barədə Moderator.az saytına etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, A.Səlimovun adının hansısa pul yığımında hallandırılması icra başçısının gözdən salınmasına hesablanan kompaniyanın tərkib hissəsidir və obyektivliyə əsaslanmır: “A.Səlimov Laçın ictimaiyyətinin kifayət qədər yaxından tanıdığı ziyalılardan biridir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı postuna təyin ediləndən sonra həyata keçirdiyi addımlar, xüsusilə də rüşvətxorluq və korrupsiya ilə bağlı sərgilədiyi sərt mövqe, istedadlı laçınlıların ali təhsil alması üçün göstərdiyi təşəbbüslər, respublikanın müxtəlif bölgələrində kompakt halda yaşayan laçınlıların məişət durumu, sosial problemini aradan qaldırmaq üçün atdığı addımlar və s. hər kəsin gözü qarşısında baş verən proseslərdir. İcra başçısı haqqında bəzi KİV orqanlarında əsassız yazıların yer almasına gəlincə, bu məsələdə tutduğu vəzifədən azad edilən, habelə işdə yol verdiyi nöqsan və qüsurlara görə ciddi şəkildə cəzalandırılan bəzi şəxslərin maraqlı olduğu hiss edilməkdədir. Öz vəzifə borclarının öhdəsindən layiqincə gələ bilməyən və bu səbəbdən də tutduqları postdan uzaqlaşdırılan bəzi “eks”lər ümid edir ki, icra başçısı haqqında müxtəlif dezinformasiyalar yaymaqla onun ictimai-siyasi çevrələrdəki nüfuzuna zərbə vura biləcəklər”.
Seymur Əliyev