Hüquqşünas Qurban Məmmədovla bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Belə ki, bu gün məşhur hüquqşünasla bağlı məhkəmə hökmü elan ediləcək. Məlumat üçün qeyd edək ki, son məhkəmə prosesində dövlət ittihamçısı Q.Məmmədovun 3 il müddətində azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısının sözlərinə görə, Q.Məmmədovla bağlı irəli sürülən ittiham sübuta yetirilib və bu səbəbdən də prosesə xitam vermək olar. Müqayisə üçün qeyd edək ki, adı külli miqdarda rüşvət faktında hallanan Gülər Əhmədovaya da 3 il həbs cəzası verilib. Məhz bu amili əsas gətirən bəzi hüquqşünaslar məhkəmənin 6 dekabr tarixindəki son toplantısında ədalətli hökmün veriləcəyinə inanmadıqlarını qeyd edib. Ekspertlərin fikrincə, Q.Məmədovla bağlı bugünə qədər davam edən məhkəmə prosesinin təhlili, tanınmış hüquqşünasın vəkilləri tərəfindən qaldırılan vəsatətlərin qəbul edilməməsi və s. göstərir ki, məhkəmə məlum olaya obyektiv qiymət vermək niyyətində deyil.
Hüquqşünas Aslan İsmayılov da hesab edir ki, Q.Məmmədovla bağlı 6 dekabr məhkəməsindən obyektivlik gözləmək olmaz. A.İsmayıllovun bildirdiyinə görə, bugünə qədər baş verənlərdən sonra məhkəmənin ədalətinə inanmaq sadəlövhlükdür: “Qurban bəyin həbsi o qədər aşkar qanunsuzluqdur ki, bunun sifarişli olduğu aydın şəkildə hiss olunur. Mən ilk gündən əmin idim ki, Q.Məmmədovla bağlı məhkəmə ədalətli qərar verməyəcək. Çünki onun həbsində siyasi sifariş şitrixləri açıq-aydın görsənirdi. Bu gün də eyni fikirdəyəm və bu gün də hesab edirəm ki, məhkəmə Q.Məmmədovla bağlı ədalətli qərar verməyəcək”.
A.İsmayılov G.Əhmədovanın 3 il müddətində azadlıqdan məhrum edildiyi və eyni cəzanın Q.Məmmədova qarşı da şamil edildiyini xatırladaraq, baş verənlərin aşkar ədaləsiz olduğunu bildirdi. Hüquqşünasın sözlərinə görə, baş verənlər Q.Məmmədovla bağlı ədalətli məhkəmə qərarına olan inamı azaldır: “Bu gün Q.Məmmədova prokurorun istədiyi cəza Gülər Əhmədovanın işlədiyi hərəkətə faktiki surətdə bərabər tutulub. Bu olduqca acınacaqlı həqiqətdir.
Təsəvvür edin ki, bir nəfərin avtomobili geri verərkən bir insanın ayaq barmağını əzməsi bir nəfərin dünyanı lərzəyə gətirən mandat alveri ilə bərabər tutulub. Belə olduğu təqdirdə hansı ədalətdən, hansı obyektivlikdən danışmaq olar? Bütün bunlar bir daha göstərir ki, Q.Məmmədovla bağlı məhkəmədən ədalət gözləmək əbəsdir və biz belə bir ədalətli hökmə şahid olmayacayıq”.
Aslan İsmayılovdan fərqli olaraq hüquqşünas Namizəd Səfərov Q.Məmmədovla bağlı məhkəmənin ədalətli qərar çıxaracağına inandığını vurğuladı. Hüquqşünasın sözlərinə görə, bugünə qədər keçirilən məhkəmə prosesində hakim Q.Məmmədovun vəkillərinə irəli sürülən iddianın əsassızlığını sübuta yetirmək üçün yetərincə imkan yaradıb ki, bunun özü də hakimin ədalətliliyini göstərir: “Mən bir neçə məhkəmə prosesində iştirak etmişəm. Açığı, məhkəmə prosesinə baxan hakimlə bağlı elə bir pretenziyam yoxdur. Çünki hakim Qurban bəy və onun vəkillərinə irəli sürülən iddianın əsassızlığını sübuta yetirmək üçün kifayət qədər imkan yaradırdı. Və Qurban bəyin vəkilləri bu imkandan kifayət qədər istifadə etdi. Burada mənim üçün gözlənilməz olan prokurorun guya irəli sürülən iddianın sübuta yetirilməsi və bu səbəbdən də Qurban bəyin 3 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı fikri oldu. Lakin buna baxmayaraq, mən hakimin ədalətli qərar verəcəyinə inanıram. Ümid edirəm ki, bzi sonda ədalətli qərara şahid olacayıq”.
N.Səfərov hakimlə bağlı şəxsi düşüncələrini də dilə gətirdi: “Emin Mehdiyevi ədalətli və savadlı hakim hesab edirəm. Doğrudur, mən onu da nəzərə alıram ki, o da bu siyasi sistemin hakimidir. Qurban bəyə qarşı irəli sürülən iddia da sırf siyasi sifariş xarakteri daşıyır. Lakin hər bir halda hakimin çıxaracağı hökm onun nə dərəcədə ədalətli olduğunu sübuta yetirəcək. Mən Emin Mehdiyevin ədalətiə inanıram və hesab edirəm ki, o, hüquqa hörmət edən bir adamdır. Zənnimcə, o, hər bir halda ədalətli hökm çıxartmağa çalışacaq”.