Artıq xeyli vaxtdır ki, oxucularımızın xahişi ilə saytımızın "Ədəbiyyat" səhifəsi fəaliyyət göstərir. Moderator.az saytının bu günkü qonağı Kəmaləddin Qədimdir. “Türk ədəbiyytına xidmət” (Türkiyə) və Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mukafatları laureatı, Prezident təqaüdçüsü olan Kəmaləddin Qədimin indiyə qədər “Keçir məni bu çaydan”, Üzü qibləyə”, Günahı yazan mələk”, “Yığış gedək, günahım”, “Allahdı, şeytandı, mənəm”, “Yaşamaqda nə varsa” və “Allahı sevsəydin” kitabları dərc olunub. Şairin son zamanlarda yazdığı bir neçə şeirlə oxucularımızı tanış edirik.
Nədən belə həm gözəlsən, həm şirin
Soruşursan,gözlərimdə ay canım,
Nədən belə həm gözəlsən,həm şirin...
Azdı,hər gün olsam yüz yol qurbanın,
İşvən,nazın hələ bir az kəmşirin...
İşim yerlə, ya göylədi, bilmirəm,
Kim yazdırır,kim söylədir, bilmirəm...
Şirinliyin hopub, nədi, bilmirəm,
Bu çəkdiyim kədər şirin, qəm şirin...
Sayımmı de, o var, bu var bal kimi,
Nə gəlirsə gəlsə nübar, bal kimi.
Ürəyimdə həsrət, qübar bal kimi,
Gözlərimdə nəm şirindi,nəm şirin...
Çıxmayırsan candan,qandan,neyləyim?
Ərmağansan Yaradandan,neyləyim?
Açılırmı baş dumandan,neyləyim?
Hər gördükcə dəm oluram, dəm, şirin...
Kim qazıb bu qəbri mənə...
Vaxtlımı,vaxtsızmı əsir bu külək,
Dolur da bu soyuq,ayaz ömrümə...
Daha həsrətini çəkməsin ürək,
Daha gəlməyəcək o yaz ömrümə...
Daha yol deyilən yol çiynimdəki,
Xeyrimmi,şərimmi bol,çiynimdəki?..
Ha durub,dayanma sol çiynimdəki,
Ha yaz günahları,ha yaz ömrümə...
Hardadı,gəlsin də elə saz ölüm,
Yapmasın bu qədər işvə-naz ölüm...
O bəyaz donunda o bəyaz ölüm,
Gəlsin də ,yaraşsın bəyaz ömrümə...
Yazan da gör necə yazımı yazıb,
Çoxumu unudub,azımı yazıb.
Kim qazıb bu qəbri mənə,kim qazıb,
Dayazdı bu qəbir,dayaz,ömrümə...
30 noyabr 2013
Axırın axırına
Tanrım,gəldik bu yolun,
Cığırın axırına...
Baxırsanmı bu dağdan,
Ağırın axırına...
Nə çox kölən,əsirin,
Sayma,gəlməz kəsirin...
Çıx da yetim-yesirin,
Fağırın axırına...
Verdiyin bir can,çıxar,
Çox danışsam qan çıxar...
Elə,bir çoban çıxar,
Naxırın axırına...
Nə karıxıb gələrəm,
Nə darıxıb gələrəm...
Vaxtdı,çıxıb gələrəm,
Axırın axırına...
1 dekabr 2013