“Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdim. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır”.Bu sözləri dünən redaktorlarla görüşən prezident İlham Əliyev deyib.
Qeyd edək ki, yeni gətirilən köşklər 2 ildən artıqdır ki, ölkəmizdədir və gətirildiyi gündən bu köşklərdə qəzetdən başqa hər şey satılır. Maraqlıdır, bu günə qədər köşklərdə olan vəziyyət barədə prezidentə niyə məlumat verilməyib?
Moderator.az-a açıqlama verən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, prezident köşklərdəki vəziyyətdən xəbərdardır:
“Keçən il Redaktorlar Birliyi bu məsələ ilə bağlı toplantı keçirib və biz problem haqda ictimaiyyətə məlumat vermişik. Həmçinin köşklərdəki vəziyyətlə bağlı prezidentə müraciət də ünvanlamışdıq. Mən həmçinin Hacıbala Abutalıbovu məhkəməyə də vermişəm. Prezident Adminstrasiyası baş verənlərdən xəbərdardır.
Mehman Əliyev mətbuatın problemlərinin təkcə köşklərlə bağlı olmadığını bildirdi:
“İlham Əliyev KİVDF-nun fəaliyyətinə də diqqət yetirməlidir. Bu fondun 6 illik fəaliyyəti yalnız qrant verməkdən ibarət olub . Köşklərin fəaliyyəti həmin fondun işinə aiddr, onlar bununla maraqlanmalı idilər. İlham Əliyev ilk növbədə KİVDF -nun fəaliyyətini yenidən nəzərdən keçirməli və onların gördüyü işlərlə maraqlanmalıdır.”
Xəyal Əzizov