Mərhum Sevinc Babayeva ilə təsadüfi tanışlığından yaranan dostluğun güdazına gedən və Tükiyədə olduğu müddətdə Sevinc Babayevanın yaşamasına,müalicəsinə kömək etdiyinə görə başını bəlaya soxan türkiyəli iş adamı Səlcuq Ağlayanın "Yeni Müsavat" qəzetinə verdiyi “Gülər də Sevinc kimi öləcək” açıqlaması olduqca diqqətçəkən olduğundan bunun üstündən sükutla keçmək mümkün deyil və ortaya çoxsaylı suallar çıxarıb. Eyni zamanda Elşad Abdullayevin adamöldürmək üzrə pofessor olduğunu söyləyən iş adamı yaxın günlərdə şok açıqlamalarla çıxış edəcəyini də bildirb: “Gülər Əhmədovanı tanımıram, onun özü, məhkəməsi barədə sizin mediada yer alan yazıları oxuyuram. Qənaətimə görə, onun heç bir günahı yoxdur. Suçu olan insan gedib Fransada oturub. Mən belə başa düşünürəm ki, Gülər Əhmədova da öləcək. Elşad Abdullayev Fransadan, media vasitəsilə ona o qədər psixoloji təzyiq göstərəcək ki, ürəyi dözməyib öləcək. Çünki eyni hadisələr Sevinc Babayeva ilə bağlı da baş vermişdi. O da bənzər psixoloji təzyiqlə İstanbula gəlmişdi, Elşad Abdullayev hər gün ordan bir bəyanat verir, kasetlər yayırdı. Sevinc xanımın ürəyi buna dayanmadı axırda. Təəssüf ki, biz o zaman bunun fərqində olmamışdıq. Amma indi də Gülər xanımın ürəyi partlayacaq. Çünki Elşad Abdullayev bu işin professorudur. Anladığım qədər ilə əlində hamının kaseti var. İstədiyi ilə oynayır, istədiyini təhdid edir. Mənim şok açıqlamalarım olacaq. 15 gün keçsin, Azərbaycan xalqı, xüsusən də Elşad Abdullayev məndən bir şeylər gözləsin.”
Göründüyü kimi, Səlcuq Ağlayan da özü istəməsə belə, getdikcə Azərbaycanın media ulduzuna çevrilməkdədir və çox güman ki, onun Elşad Abdullayev barəsində səsləndircəyi ittihama qarşı tərəfdən də reaksiya gələcək və beləcə gərgin ovqatlı polemika acı bağırsaq kimi uzanacaq, daha yeni isimlər adı hallanacaq, onlar da danışmağa başlayacaq və sair...
Səlcuq Ağlayanın Elşad Abdullayevi konkret olaraq nədə ittiham etməsi də çox maraqlıdır. Unutmaüq olmaz ki, Sevinc Babayeva ömrünün son günlərini Səlcuqla birgə keçirib və çox böyük ehtimalla ona hətta Gülərin bilmədiyi bir çox tükürpədici sirlər, Elşad Abdullayevlə bağlı bu günədək kimsənin bilmədiyi gizlinlər barədə məlumatlar, hətta faktlar, sənədlər verib. Səlcuq ağlayanın Elşad Abdullayev barəsində qəzəbli və arxayın danışması da bu iddiaların əsassız olmadığını ortaya qoyur. Hətta Moderator.az-a çatan məlumatlara görə, Elşad Abdullayev Səlcuq Ağlayan tərəfindən bir çox ağır cinayətlərdə ittiham ediləcək, qadın alverində, xeyli sayda tələbə qızın həyatının məhv edilməsində günahlandırılacaq.
Diqqətçəkən bir məqamsa Gülər Əhmədovanın işini aparan müstəntiqlə bağlı Səlcuq Ağlayanın başqa bir açıqlamasıdır. Müstəntiq Emzar Qocayevin onu dilə tutaraq, bu mümkün olmadıqda isə təhdid edərək Gülər Əhmədovanınn əleyhinə ifadə verməyə məcbur etməsi bir həqiqəti ortaya qoyur ki, keçmiş deputatın guya prokurorluq orqanları tərəfindən hər vəchlə müdafiə edilməsi, barəsindəki ittihamların yüngülləşdirilməyə çalışılması, üstəlik, bütün bu savunma cəhdlərinin Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin göstərişiylə həyata keçirilməsi barədəki iddiaların heç bir əsası yoxdur. Gülər Əhmədovanın barəsində çox gec həbs qərarı verilməsi də Cinayət Məcəlləsinin 79-cu maddəsinin tələbinə görə olub.
Maddə 79.Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Gülər Əhmədovaya dövlət ittihamçısının 4 il cəza istəməsinə də cəmiyyətdə birmənalı mövqe yoxdur və bir çoxları da bunun çox yüngül cəza olduğunu, törədilən əmələ adekvat olmadığını iddia edirlər. Təbii ki, bu iddialarda müəyyən qədər həqiqət payı da var və polemika mövzusu ola bilər. Amma bir şey yəqindir ki, Gülər Əhmədovanın barəsində hələ ki, yuxarılarda nikbin əhval-ruhiyyə yoxdur və bir çoxları Səlcuq Ağlayanın iddia etdiyi kimi Gülər Əhmədovanın elə Sevinc Babayeva kimi birdəflik ağzının yumulmasını arzulayılar. Bu arzuların gerçəkləşib-gerçəkləşməyəcəyini isə yaxın gələcək göstərəcək. Bəri başdan məlum olan odur ki, Gülər Əhmədova Əli İnsanov və Fərhad Əliyev kimi uzun müddətə içəridə oturmayacaq, uzağı gələn parlament seçkilərinədək yarı “srok”la azadlığa çıxaraq onun həbsinə sevinən bir çox rəqiblərini, ona dostlarını tanıtdıran Elşad Abdullayevə minnətdarlıq etməyə vadar edən etibarsız rəqfiqələini pəjmürdə edəcək...