Doqquz ay ərzində dövlət büdcəsinin icrası üzrə göstəricilər 2013-cü ilin nəticələrinə əsasən xəzinə hesabında qalığın yaranmasını gözləməyə imkan verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bazar ertəsi Milli Məclisin beş komitəsinin iclasında dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı bildirib.
Yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 14,33 milyard manat, xərcləri 12,72 milyard manat təşkil edib, nəticədə 1,61 milyard manat həcmində profisit formalaşıb.
Nazirin sözlərinə görə, 9 ayın yekunu üzrə dövlət büdcəsinin gəlirləri xərcləri üstələyib: "Biz bu dinamikanın davamını və ilin profisitlə yekunlaşmasını gözləyirik".
S.Şərifov qeyd edib ki, xəzinə hesabındakı vəsaitin qalığı gələn ilin dövlət büdcəsinin defisitinin qarşılanması mənbələrindən biri olacaq: "2014-cü ilin dövlət büdcəsinin defisiti 1,679 milyard manat səviyyəsində proqnozlaşdırılıb. 2013-cü ilin proqnozları 691 milyon manat və 2012-ci ilin faktiki göstəricisi isə 135 milyon manat səviyyəsində olub".
2013-cü ilin proqnozlarına əsasən, dövlət büdcəsinin gəlirləri 19,159 milyard manat (12,4 faiz artımla), xərcləri 19,85 milyard manat (12,1 faiz artımla), dövlət büdcəsinin defisiti 691 milyon manat (3,5 faiz) səviyyəsində təsdiqlənib.