Sumqayıtda “Karvan”, “Cavid, “Sumqayıt” Ticarət Mərkəzlərində, habelə bu mərkəzlərin yaxınlığında fəaliyyət göstərən digər mağazalardakı sahibkarlar şəhər Dövlət Yol Polisi İdarəsinin fəaliyyətindən narazıdır. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, sahibkarlar obyektlərinin yaxınlığında park etdikləri avtomobillərin DYP əməkdaşları tərəfindən əsassız yerə cərimələndiyini iddia edir: “Sahibkarların sözlərinə görə, onlar avtomobillərini park etmək üçün illər uzunudur ki, məlum ticarət mərkəzlərinin yanından keçən magistral yollardan istifadə etsələr də, son günlər Sumqayıt DYP-si bu yolların kənarında park edilən avtomobilləri cərimələyir. Səbəb isə yol kənarında park etməyin qadağan edilməsi ilə bağlıdır. Halbuki, belə bir qərar verməmişdən öncə, avtomobillərin park edilməsi üçün yeraltı və ya yerüstü dayanacaqlar inşa edilməli, yalnız bundan sonra avtomobil sahiblərinə qarşı belə bir tələb irəli sürülməlidir. İndiki halda bu cür qadağanın gündəmə gəlməsi məntiqsizlikdən başqa bir şey deyil. Çünki özlüyündə də məlumdur ki, avtomobil dayanacağının olmadığı müddət ərzində vətəndaşlar istəməsələr belə yenə də avtomobillərini magistral yolların kənarında saxlamağa məcbur olacaq və onlara yönəlik heç bir cərimə bu situasiyanı dəyişməyəcək”.