İlahə Həşimli Prezidentə və Mehriban Əliyevaya müraciətində Pərviz Həşimlinin hüquqlarının qorunmasını və onun tezliklə azadlığa çıxmasına yardımçı olmalarını xahiş edib. Ombudsman Aparatına və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə müraciətində isə hələ də vəkilinin Pərviz Həşimli ilə görüşə bilmədiyini, jurnalistə qarşı işgəncə ehtimalından narahat olduğunu deyərək onlardan həyat yoldaşına baş çəkmələrini istəyib.
Qeyd edək ki, sentyabrın 23-də vəkili Elçin Sadıqov görüş üçün Milli Təhlükəsizlik Nazirliyinə getsə də, Pərviz Həşimli ilə görüşə buraxılmayıb. Elçin Sadıqov vurğulayıb ki, müstəntiqlərin Pərviz Həşimovu onun iştirakı olmadan dindirmələri, işgəncə verməklə istədikləri ifadəni almaq barədə ehtimalları gücləndirir.
Pərviz Həşimlinin müdafiəsi üçün dünən daha bir tanınmış vəkillə - Anar Qasımlı ilə müqavilə bağlanıb. Anar Qasımlı "Bizim Yol"a bildirib ki, jurnalistin xanımı İlahə Həşimova ilə müqavilə bağlayıb və bu gün Pərviz Həşimli ilə görüş üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək.
Pərviz Həşimli barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbael rayon məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə nə vaxt baxılacağı hələlik məlum deyil. Şikayətdə həbs qətimkan tədbirinin ləğv edilərək, digər qətimkan (ev dustaqlığı, polis nəzarəti, başqa yerə getməmə və s.) tədbiri ilə əvəzlənməsi istənilir.
Milli Şura Pərviz Həşimli ilə bağlı bəyanatla çıxış edib: “Pərviz Həşimliyə işgəncə verildiyinə dair məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradır”. Milli Şura P. Həşimlinin vəkili ilə görüşdürülməsini və onun səhhəti ilə bağlı cəmiyyətə dəqiq məlumatlar verilməsini tələb edib.
"Hansı valideyn övladının oyuncaqlarının içərisinə içi güllə ilə dolu tapança qoya bilər? Hansı valideyn övladının gəzdiyi həyətdə 30 qumbara gizlədə bilər? Mən bu ittihamları tamamən absurd hesab edirəm". Bu sözləri isə Moderator.az -a açıqlamasında Pərviz Həşimlinin həbsinə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə o, hal-hazırda Gürcüstandadır: "Hadisə baş verən zaman biz Gürcüstanda idik. Bakıya qayıtdıqdan sonra baş verən olayla əlaqədar olaraq cəmiyyətə geniş məlumat veriləcək".
Dünən əldə etdiyimiz məlumata görə İlahə Həşimovanın müraciətindən sonra Ombudsman aparatının preventiv qrupu Pərviz Həşimliyə baş çəkib, jurnalistin durumu ilə maraqlanıb. Onun saxlanma şəraiti barədə bu gün məlumat yayılacağı gözlənilir.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbael rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə həbs edildiyini bəyan edir.