Prezidentliyə namizəd Zahid Orucun narı özünə seçki simvolu seçməsi Vətəndaş və İnkişaf Partiyasının etirazına səbəb olub.
Partiyanın sədr müavini Ramin Hüseynov AzNews.az-a verdiyi açıqlamada bildirib ki, VİP hələ aprelin 7-də keçirilmiş iclasında narı özünün rəmzi kimi qəbul edilib:
“Bir neçə gün əvvəl prezidentliyə namizəd Zahid Orucun özünün seçki kampaniyası üçün narı rəmz seçməsindən sonra mən onunla əlaqə saxladım və çox normal söhbətimiz oldu. Özünün mədəni səviyyəsi ilə seçilən Zahid bəy dedi ki, narın VİP-in rəmzi seçilməsi haqda məlumatsız olub, yoxsa rəmz seçimi təkrarlanmazdı. Mən də bildirdim ki, burada bizim üçün heç bir problem yoxdur - əksinə, seçki prosesində VİP rəmzinin prezidentliyə başqa bir namizəd tərəfindən təbliğ olunmasına müsbət baxırıq”.
R.Hüseynov onu da deyib ki, Z.Orucun prezidentliyə namizəd kimi də VİP sədrini dəstəkləyəcəyinə ümid edir.
Moderator.az