“Zirəddin Rzayev yalançıdır. Tarixdə hələ bu vaxta qədər bir nəfər də olsun ateist baxıcı görünməyib. Dinindən asılı olmayaraq, bütün baxıcılar din pərdəsi arxasında gizlənən şarlatanlar olub. Zirəddin də həmin şarlatanlardandır. Özünü yalandan müqəddəsləşdirib. Zirəddin Rzayevi mənim əlimə ver, parçalayım”. Bu barədə ANS PRESS-ə açıqlamasında tanınmış ilahiyyatçı, “Karvan” jurnalının baş redaktoru İsmayıl Əhmədov Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev haqqında bildirib. İsmayıl Əhmədovun sözlərinə görə, “Facebook” səhifəsində Zirəddin Rzayev haqqında tənqidi materiallar paylaşmasının səbəbi tanınmış ekstrasensin iç üzünü açmaqdır.
İsmayıl Əhmədov
deyir ki, Zirəddin Rzayev konkret olaraq şeytana xidmət edir. “Baxmayaraq ki,
özünü dindar kimi təqdim edir, amma o, şəriət adı altında camaatı aldadır. Deyir
ki, Yaponiyada, Amerikada zəlzələ olacaq. Orda həmişə yeraltı təkanlar olur da.
Əgər nəsə bilirsə, Qarabağ münaqişəsindən desin. Belələri “Qurani-Kərim”də
lənətlənir. Əgər öz doğruluğunu sübut etmək istəyirsə, gəlsin, istədiyi
verilişdə, elə ANS PRESS-də üzbəüz söhbətləşək. Onun yalançı, şarlatan olduğunu
sübut edim”, - deyə İ.Əhmədov bildirib.
İsmayıl Əhmədov tanınmış ekstrasensin yalançı olduğu barədə əlində sübutlar
olduğunu da vurğulayıb. Onun sözlərinə görə, sübutlardan biri də, Zirəddin
Rzayevin bir neçə il bundan əvvəl avtomobil qəzasına düşməsidir: “Əgər
biliciydisə, həmin qəzaya düşməmək üçün avtomobilə minməzdi. Onun qəlbini qara
qüvvələr bağlayıb. Zirəddin Rzayev konkret olaraq şeytana xidmət edir”.
Qeyd edək ki, bu barədə Zirəddin Rzayevin mövqeyini öyrənmək istəsək də,
ekstrasens suallarımızı cavabsız qoydu.