Moderator.az-ın avropainfo-ya istinadən məlumatına görə, müxalifətin ən pullu simalarından sayılan Ümid Partiyasının sədri İqbal Ağazadə budəfəki prezident seçkilərindən sonra ciddi maliyyə problemləri ilə üzləşəcək. Buna səbəb kimi ona müəyyən dairələr tərəfindən ayrılan pulların təyinatı üzrə düzgün xərcləməməsi göstərilir. İqbal Ağazadənin ən ciddi problemi onunla ”Qarabağ”adlı eyni blokda təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu ilə yaşanıb. Narazılıq özünü bir blokdan seçkiyə iki namizədin qatılmasında aydın büruzə verib ki, bu da hakimiyyətdəki dairələrin xoşuna gəlməyib. Əvvəlki mexanizmə görə, maliyyə bir başa İqbal Ağazadəyə ötürülürdü. O da öz növbəsində Sərdar Cəlaloğlunun hakimiyyətə qarşı bir qədər loyal münasibət sərgiləməsi şərti ilə ADP sədrinə müəyyən məbləğ verirmiş. Sonradan Sərdar Cəlaloğlu Ümid sədri tərəfindən ona verilən pulun azlığından elə İqbal Ağazadənin özünə şikayət edib və məbləğin artırılmasını istəyib. İqbal Ağazadə isə bunu edə bilməyəcəyini deyəndə, ADP sədri gecikmiş olsa da seckidə iştirakla bağlı müstəqil qərar verib. Bu jesti ilə Sərdar Cəlaloğlu həm də müəyyən dairələrə öz narazılığını çatdırmaq istəyib. Bununla da İqbal Ağazadənin hakimiyyətdəki dairələrlə anlaşması pozulmuş sayılıb. Çünki, razılaşmaya əsasən, “Qarabağ” blokundan seçkilərdə cəmi bir nəfərin- İqbal Ağazadənin iştirakı ilə bağlı anlaşma olub. İqbal Ağazadənin namizədliyinin digərlərindən tez qeydə alınması isə heç də ona olan güvənin əlaməti sayıla bilməz. Məlumata görə, hakimiyyət budəfəki seçkiyə Sərdar Cəlaloğlunu da buraxacaq və seçkinin nəticələrinə görə onun topladığı səs faizi İqbal Ağazadədən çox olacaq. Bununla da maliyyə ötürən dairələr İqbal Ağazadəyə cığallığının bədəlini ödətmiş olacaq. Maliyyəsiz “Ümid”də isə, bu gün az da olsa əmək haqqı alan partiyanın “vitrini” dağılmış olacaq.