Prezident seçkiləri yaxınlaşdıqca xarici mediada və beynəlxalq qurumların hesabatlarında Azərbaycan hakimiyyətinin ünvanına tənqidlərin sayı artır. Azərbaycan hakimiyyətini tənqid edənlər ölkədə siyasi azadlıqların məhdudlaşdırıldığını, siyasi fəalların kütləvi həbsini, müxalifətin vətəndaşlarla ünsiyyətinə yaradılan maneəni əsas kimi göstərirlər. Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə söhbətimizdə bu və digər məsələlərdən danışdıq.
- Rəbiyyət
xanım, seçkiqabağı proseslərə nəzər yetirəndə hakimiyyətin qələbəyə əminliyi
görünür. Bu əminlik sizdə haradandır? Ölkədə siyasi rəqabət mühitinin olmaması,
siyasi fəalların həbsi bu əminliyi yaradıb?
- Sualınızın o
hissəsi ilə razı deyiləm ki, İlham Əliyevin qələbəsinə hər birimizin inamı
hansısa sadaladığınız məsələlərlə bağlıdır. Əvvala onu deyim ki, İlham Əliyevin
qarşıdakı seçkidə qələbəsini zəruri edən bir sıra səbəblər var. Birincisi,
cənab prezidentin ötən beş illik fəaliyyətinə diqqət yetirmək lazımdır. Bu beş
il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Ölkədə işsizlik
problemi demək olar ki, aradan qalxıb. Regionların sosial-iqtisadi inkişafı
proqramları uğurla həyata keçirilib. Ötən illər ərzində əhalinin sosial rifahı
daha da yaxşılaşıb. Sovet banklarında qalan əmanətlər qaytarılıb. Ölkədə insan hüquqları
sahəsində ciddi irəliləyişlər əldə edilib. Azərbaycanın beynəlxalq mövqeyi daha
da güclənib. Artıq Azərbaycanla dünyanın bütün ölkələri hesablaşır. Bütün
bunlar bizə əsas verir ki, 9 oktyabr seçkilərində İlham Əliyevin qalib
olacağını deyək.
- Ancaq
reallıqda vəziyyət fərqli görünür. Məsələn beynəlxalq qurumlar da təsdiqləyir
ki, Azərbaycanda normal seçki şəraiti yoxdur. Belə olan halda normal seçki mühitindən
danışmaq olarmı?
- Azərbaycanda
seçki şəraiti var. Hər kəs qanunla müəyyən olunmuş qaydada bu prosesdə iştirak
edə bilər. Bu gün ölkədəki vəziyyəti tənqid edənlər bunu əsaslandırmalıdır.
Müxalifət qüvvələrinin cəmləşdiyi Milli Şura növbəti namizədini elan etdi və
qanuni formada seçkiyə buraxıldı. Bu gün Milli Şuranın namizədinin müdafiəsi
üçün imza kampaniyası başlanıb. Hamıya eyni şərait yaradılıb. Ölkədə azad
seçkilərə təminat verən qanunverici baza var. Azərbaycan seçkilərin
müşahidəsini aparmaq üçün dünyanın bir çox qurumlarına müraciətlər edin. Artıq
ATƏT-in Müşahidə Missiyasının üzvləri Bakıdadır. Missiyanın ilk açıqlaması ilə
tanış oldum. Azərbaycanda bəziləri istəyir ki, onların dilindən tənqid
səslənsin. Amma onlar haqlı olaraq bildirir ki, işləri tənqid yox, müşahidədir.
-
Azərbaycanda seçkiqabağı normal vəziyyət olduğunu deyirsiniz. Faktdır ki,
vətəndaşların sərbəst toplaşmaq azadlığı hələ də tam təmin olunmur. Müxalifətçilər
həbsxanalardadır.
- Milli Şura
qanunla müəyyən olunmuş yerdə öz mitinqini keçirdi. Onlara mane olan da olmadı.
Polis də həmin tədbirdə asayişi qorudu. Bu başqa məsələdir ki, insanların gur
yerində mitinq keçirib, qarışıqlıq yaratmaq istəyi var və bunun da qarşısı
alınır. Həbslə bağlı sualınıza gəlincə, bildirim ki, heç kəs günahsız yerə
tutulmur. Mən o həbslərin təfərrüatlarını bilmədiyimdən geniş danışa bilmərəm.
Kimsə həbs olunubsa, qanunla müdafiə hüququ var. İstintaq və məhkəmə
araşdırmalarında onun günahkar olub-olmaması bilinəcək.
- Təcrübə
göstərib ki, siyasi səbəblərə görə, başqa cinayətdə ittiham olunan adamlara
ittihamlar sübut olunmur. Hazırda həbsdə olan xeyli adam var ki, istintaq
hərəkətləri aparılmır amma onlar barəsində həbs-qətimkan tədbirinin müddəti
artırılır.
- Cinayət prosessual
qanunvericiliyin tələbləri var. Görünür, istintaqın tam və hərtərəfli aparılması
üçün bu edilir. Siz ya da mən müstəntiqin əvəzindən deyə bilmərik ki, niyə
filankəsin həbs müddəti artırıldı.
- Rəbiyyət
xanım, rəqabətli seçkidə qalib olmaq daha qürürvericidir, yoxsa, bütün güclü
rəqibləri sıradan çıxarmaq, rəqabətsiz seçkinin qalibi olmaq?
- Prezident
seçkilərində rəqabət mühiti var. Çoxsaylı namizədlərin prosesə qoşulması bunu
göstərir. Bu başqa məsələdir ki, Azərbaycanda İlham Əliyevə rəqib olacaq şəxs
yoxdur.
Pərviz
Həşimli